Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri, beynəlxalq mükafatlar laureatı Arzu Abdullayeva “Meydan TV işi” üzrə həbsdə saxlanılan 12 jurnalistlə bağlı Prezident İlham Əliyevə müraciət edib. O, dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində başlayacaq proses ərəfəsində jurnalistlər barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.
“Pressklub az”ın yazdığına görə, Abdullayeva qeyd edib ki, mövcud məlumatlara əsasən, jurnalistlərə qarşı irəli sürülən ittihamlar “onların hərəkətlərinin mahiyyəti ilə müqayisədə həddindən artıq ağır görünür və daha çox mümkün peşə və ya inzibati xarakterli pozuntulara aiddir”.
Müraciətdə bildirilib ki, həbsdə olan media nümayəndələrinin fəaliyyəti dövlətə qarşı yönəlməyib:
“Bu insanların heç birinin fəaliyyəti dövlətə qarşı yönəlmiş niyyət daşımayıb. Onların fəaliyyəti peşə borcları və fikir ifadəsi ilə bağlı olub ki, bu da jurnalist və vətəndaş fəallarının işinin təbii hissəsidir. Konstruktiv tənqid cəmiyyətlə dövlət arasında etimadı möhkəmləndirir və idarəetmənin təkmilləşməsinə kömək edir”.
Uzun illərdir həmin jurnalistlərin bir çoxunu şəxsən tanıdığını vurğulayan Arzu Abdullayeva yazıb ki, bu müddət ərzində onların Vətənə sevgisinə və ölkəyə xidmət etmək istəyinə dair heç vaxt şübhəsi olmayıb:
“Bu gün Azərbaycan fəal və uğurlu xarici siyasət həyata keçirir, ölkəmizin beynəlxalq nüfuzu güclənir. Lakin əvvəlki idarəçilik təcrübəsindən miras qalmış bəzi daxili praktika elementləri bəzən müasir dövlət kursuna uyğun olmayan mənfi assosiasiyalar yarada bilir”.
Bütün bunları nəzərə alaraq, hüquq müdafiəçisi Prezidentdən xahiş edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işi üzrə ittiham olunan jurnalistlər barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin və onlar məhkəmə zalından azad olunsun:
“Bu qərar dövlətlə vətəndaş cəmiyyəti arasında yeni münasibətlərin başlanğıcını təmin edən güclü humanitar jest olar, cəmiyyətdə etimadı artırar, dövlətin nüfuzunu yüksəldər və Azərbaycan dövlətçiliyinin ən yaxşı ənənələrinə uyğun gələrdi”.
Ötən ilin dekabrında “Meydan TV”yə qarşı başlanmış polis əməliyyatı nəticəsində bir neçə media əməkdaşı saxlanılıb. İlk olaraq Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov həbs edilib.
Daha sonra bu ilin fevral və may aylarında “Arqument az” saytının baş redaktoru Şəmşad Ağayev, jurnalistlər Nurlan Qəhrəmanlı (Libre), Fatimə Mövlamlı və Ülviyyə Quliyeva (Əli) eyni iş üzrə saxlanılıb. Avqustun 28-də isə jurnalist Əhməd Muxtarın da bu iş çərçivəsində həbs olunduğu açıqlanıb.
Jurnalistlər əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qabaqcadan əlbir olan qrup şəklində qaçaqmalçılıq) ilə ittiham olunublar. Avqust ayında onlara qarşı ittihamlar ağırlaşdırılaraq qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, vergidən yayınma, qaçaqmalçılıq və sənəd saxtalaşdırma ilə bağlı əlavə maddələr tətbiq edilib.
Saxlanılan jurnalistlər irəli sürülən bütün ittihamları rədd edir, işin siyasi sifarişli olduğunu, özlərinin isə peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.