“Abzas Media işi” üzrə 9 il azadlıqdan məhrum edilən “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadənin tərcümə etdiyi “Qızımla iqtisadiyyat söhbətləri” kitabı dərc olunub.
Bu barədə iqtisadçının yaxınları məlumat verib.
Kitabın müəllifi yunan iqtisadçısı Yanis Varufakisdir. Əsərdə qlobal iqtisadiyyatın əsasları gündəlik həyatdan götürülən nümunələrlə izah olunur, pulun, bazarların, əmək və kapitalın mahiyyəti açıqlanır, ədalətsizlik, bərabərsizlik və müasir böhranların səbəbləri müzakirə edilir. Müəllif mətni qızına xitab formasında qələmə alsa da, kitab bütün yaş qruplarından olan oxucular üçün nəzərdə tutulub.
Fərid Mehralızadə kitabla bağlı fikirlərini bölüşərək əsərin hər kəs üçün əlçatan dildə yazıldığını vurğulayıb:
“İqtisadiyyatda baş verən proseslər hansı sahədə çalışmasından və ya təhsil almasından asılı olmayaraq istisnasız hər kəsin həyatına təsir edir. İqtisadiyyatın sadəcə iqtisadçıların öhdəsinə buraxılacaq qədər sadə məsələ olmadığı inancı ilə yazılan kitabda iqtisadi proseslər məhz hər kəsin anlayacağı şəkildə qarışıq iqtisadi terminlər və riyazi hesablamalar olmadan izah edilir. Kitabda iqtisadi proseslərin mahiyyətinin açılması üçün iqtisadi terminlər və riyazi hesablamalar yerinə, ədəbiyyatdan, filmlərdən və tarixi hadisələrdən istifadə edilib. Müəllif kitabı öz qızına xitab şəklində yazsa da, mətn bütün yaş qruplarından olan oxucular üçün nəzərdə tutulub. Yanis Varoufakis akademik karyeraya sahib olmaqla yanaşı, müasir siyasi tarixin ən böyük və məşhur iqtisadi böhranlarından birinin baş verdiyi Yunanıstanda məhz böhran dövründə maliyyə naziri vəzifəsini tutması kitabda iqtisadi siyasətin tək nəzəri yox, həm də praktiki tərəfləri ilə bağlı maraqlı aspektlərin əks olunmasına yol açıb.
Periodik olaraq baş verən və qarşısının alına bilmədiyi iqtisadi böhranların və cəmiyyətdəki dərin sosial-iqtisadi bərabərsizliklərin səbəbinin araşdırıldığı kitabda kapitalizm tarixinə nəzər salınır və bu sistemin ortaya çıxmasına, eləcə də formalaşmasına səbəb olan amillər nəzərdən keçirilir. Müasir istehlak cəmiyyətlərinin tarixi kökləri, qlobal ticarətin formalaşması, pul siyasəti, banklar və onların yoxdan pul yaratmaq bacarığı, mərkəzi bankların müstəqilliyi, vergi siyasəti, avtomatlaşmanın əmək bazarı üçün riskləri, mövcud ekoloji problemlər və onların həlli yolları və bu kimi çox sayda vacib məsələlər kitabda tədqiq edilir. Müəllifin hazırkı iqtisadi sistemin cəmiyyətə sadəcə iqtisadi yox, həm də sosial, fəlsəfi, ekoloji və siyasi təsirlərinə toxunulur.
Mübadilə dəyərinin eksperimental dəyər üzərində qələbə qazanmasının cəmiyyətdəki münasibətlər sisteminə təsiri, robotlardan istifadənin artmasının və süni intellektin inkişafının insanların ehtiyaclarının formalaşmasına təsiri, demokratik olmayan hökumətlərin cəmiyyətin sadəcə siyasi deyil, həm də iqtisadi inkişafını ləngitməsi kimi mövzular da kitabda toxunulan mövzular arasındadır.
Müəllifin bütün sadalanan problemlərin həllini vətəndaşların iqtisadi savadlılığının artmasında və demokratiyanın geniş tətbiqində görməsi Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Vətəndaşların iqtisadi qərarların qəbulunda iştirak etmədiyi hallarda ölkənin sərvətləri sadəcə azsaylı iqtisadi elita və avtoritar siyasətçilərin rifahına xidmət edir. Vətəndaşlar arasında gəlir və sərvət bərabərsizliyinin aradan qalxması və rifahın ədalətli bölüşdürülməsi üçün hər kəsin iqtisadi prosesləri anlaması tələb olunur. Əlinizdə tutduğunuz kitab məhz bu məqsədə xidmət edir”.
Fərid Mehralızadə 2024-cü ilin mayında “Abzas Media işi” çərçivəsində həbs olunub. Ondan əvvəl bu iş üzrə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, həmçinin jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova saxlanılmışdı.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib. Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi həmin hökmu qüvvədə saxlayıb.
Beynəlxalq media və insan haqları təşkilatları bu həbsləri Azərbaycanda müstəqil medianın susdurulmasına yönəlmiş kampaniyanın tərkib hissəsi kimi qiymətləndirirlər.