Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli hazırda İstanbulda Arnavutköy Deportasiya Mərkəzində saxlanıldığını bildirib. O, bununla bağlı məlumatı özünün “Facebook” səhifəsində paylaşaraq Türkiyə hakimiyyətinə və beynəlxalq ictimaiyyətə müraciət edib.
Gültəkin Hacıbəylinin sözlərinə görə, noyabrın 29-da gecə saatlarında kirayə yaşadığı evə gələn dörd polis əməkdaşı onu heç bir hüquqi əsas göstərmədən deportasiya mərkəzinə aparıb:
“Hazırda İstanbulda Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılıram. Bildirirəm ki, noyabrın 29-da gecə saatlarında kirayə qaldığım evə gəlmiş 4 polis əməkdaşı məni məcburi qaydada, heç bir hüquqi əsası olmadan bu mərkəzə gətiriblər”.
O deyib ki, Türkiyədə həm qanuni qalma müddəti bitməyib, həm də ayrıca iki illik yaşayış icazəsi var:
“Sentyabr ayının 25-də Türkiyədə təhsil alan oğlumun yanına gəlmişəm və Türkiyədə qalmaq üçün nəzərdə tutulan 3 aylıq müddət hələ bitməyib. Bundan əlavə, onu da qeyd edim ki, mənim ayrıca Türkiyədə qalmaq üçün 2 illik oturum iznim var. Burada olduğum müddətdə heç vaxt heç bir qayda pozuntusuna yol verməmişəm”.
Hacıbəyli iddia edib ki, hazırda onun barəsində Türkiyə qanunvericiliyində xarici terrorçular üçün nəzərdə tutulan G-82 maddəsi tətbiq olunur və məqsəd onu Azərbaycana deportasiya etməkdir:
“Hazırda məni Türkiyədən qanunsuz və əsassız şəkildə deportasiya edib Azərbaycana göndərməkdən ötrü barəmdə ictimai təhlükəsizliyə təhdid yaradan (“kamu güvenliğine tehlike yaratan”) xarici terrorçulara verilən G-82 maddəsi tətbiq edilərək burada saxlayırlar və Azərbaycana təhvil verilməm üçün hazırlıq işləri gedir”.
O bildirib ki, bu qərarla bağlı Avropa İnsan Haqları Məhkəməsinə təcili müraciət olunub, yaxın günlərdə isə Türkiyədə məhkəməyə şikayət veriləcək:
“Bildirirəm ki, bununla bağlı təcili qaydada artıq Avropa Məhkəməsinə müraciət edilib. Eyni zamanda, vəkilim vasitəsilə ən qısa zamanda Türkiyədə məhkəməyə də müraciət ediləcək”.
Gültəkin Hacıbəyli baş verənləri Azərbaycan hakimiyyətinin təzyiqləri ilə əlaqələndirib və Türkiyə hakimiyyətini bu təzyiqlərə uymamağa çağırıb:
“Mən buradan Türkiyə hakimiyyətinə müraciət edirəm ki, Azərbaycan hakimiyyətinin təzyiqləri ilə hüquqa zidd belə bir qanunsuz qərar qəbul etməkdən çəkinin. Mən 10 il Azərbaycanı Avropa Şurasında təmsil edən millət vəkili olmuşam, Azərbaycan müxalifətinin liderlərindən biri kimi hər zaman demokratik, dinc və sivil mübarizə tərəfdarı olmuşam. Bir daha bildirirəm ki, bu günə qədər siyasi fəaliyyətimdə hər hansı qanun pozuntusuna yol verməmişəm və bu gün Azərbaycan hakimiyyətinin təzyiqlərinə görə məni heç bir əsas olmadan G-82 maddəsi ilə “xarici terrorçu” kimi Türkiyədən deportasiya etmək yolverilməzdir”.
O, bütün siyasi fəaliyyəti boyunca Azərbaycan-Türkiyə dostluğunu təbliğ etdiyini xatırladaraq, bu qərarın qəbul ediləcəyinə inanmaq istəmədiyini deyib:
“Mənim siyasi fəaliyyətimdə hər zaman Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını təbliğ etmək xüsusi yer tutub və ona görə də indi Türkiyə hakimiyyətinin belə bir addım atacağına heç cür inanmaq istəmirəm”.
Hacıbəyli bildirib ki, onun deportasiyası yalnız şəxsi hüquqlarının pozulması kimi deyil, həm də Azərbaycanda müxalifətə qarşı aparılan repressiyalara dəstək kimi dəyərləndiriləcək:
“Əgər bu, baş verərsə, məsələ təkcə mənə qarşı haqsızlıq olmayacaq, bu, həm də Azərbaycan müxalifətinə qarşı bu gün həyata keçirilən repressiyalara Türkiyə hakimiyyəti tərəfindən dəstək vermək anlamına gələcək”.
O, Azərbaycana göndəriləcəyi halda həbs olunacağı ehtimalını vurğulayıb və Türkiyə hakimiyyətini qərar verməzdən əvvəl bir daha düşünməyə çağırıb:
“Sonda onu da vurğulayım ki, mən Azərbaycana deportasiya ediləcəyim halda saxta ittihamla şərlənib həbs olunacağam və ona görə də Türkiyə hakimiyyətini belə bir addım atmazdan öncə bir daha düşünməyə çağırıram”.
Gültəkin Hacıbəylinin noyabrın 30-na keçən gecə İstanbulda kirayə yaşadığı evdən Taksim Polis Şöbəsinə aparıldığı, daha sonra isə deportasiya mərkəzinə köçürüldüyü bildirilib. Onun saxlanmasının, hökumətyönlü mediada yazılanlara görə, noyabrın 29-da Bakıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin həbsi ilə bağlı aparılan istintaq fonunda baş verdiyi ehtimal edilir.
Hökumətyönlü media bu həbsləri Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi ilə əlaqələndirir. Dekabrın 1-də Səbail Rayon Məhkəməsi Əli Kərimli və Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) ilə 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib.