Ermənistan və Almaniya dekabrın 10-da Ermənistanın Baş naziri Nikol Paşinyanın Almaniyaya rəsmi səfəri çərçivəsində ikitərəfli strateji tərəfdaşlıq gündəliyinə dair birgə bəyannamə imzalayıb.
Birgə bəyannamədə tərəflərin əməkdaşlıq etməyi nəzərdə tutduqları istiqamətlər - siyasət, iqtisadiyyat və ticarət, inkişaf və potensialın gücləndirilməsi, həmçinin təhlükəsizlik və müdafiə sahələri qeyd olunub. Sənəddə vurğulanıb ki, bəyannamə çərçivəsində tədbirlərin icrası “resursların mövcudluğundan və tərəflərin müvafiq qanun və qaydalarından asılı olacaq”.
İmzalanma mərasimindən sonra Paşinyan və Almaniya kansleri Fridrix Merts görüşə dair fikirlərini birgə mətbuat konfransında bölüşüblər.
Paşinyan səfərini “həqiqətən tarixi” adlandıraraq bildirib ki, iki ölkə arasında münasibətlər “strateji tərəfdaşlıq mərhələsinə daxil olur”. O əlavə edib ki, səfərin “mühüm komponenti” Almaniya ilə iqtisadi əlaqələrin qurulması və möhkəmləndirilməsidir.
“Bu baxımdan, Ermənistanın daxilində və ətrafında yaradılmış əlverişli mühitin alman iş adamlarında ölkəmizə investisiya yatırmaq, eləcə də erməni iş adamları ilə əməkdaşlığı fəallaşdırmaq üçün yeni maraq oyadacağına böyük ümid bəsləyirəm”, - Paşinyan deyib.
Merts isə tərəflərin iqtisadi sahədə münasibətləri “intensivləşdirdiyini” bildirib. Onun sözlərinə görə, Almaniya şirkətlərinin Ermənistana marağı artır və bu, regionun və Ermənistanın “Asiya ilə Avropa arasında qovşaq nöqtəsi” kimi əhəmiyyəti ilə bağlıdır.
“Biz potensialımızdan istifadə etməliyik. Bunun üçün çərçivə şərtləri və sülh, hüququn aliliyi, azad rəqabət zəruridir”, - Merts qeyd edib.
Kansler vurğulayıb ki, Almaniyanın kiçik və orta biznesi üçün “uzaq ölkələrdə” böyük sərmayələr qoymaq “o qədər də asan deyil”. Lakin onlar konkret ölkədə düzgün çərçivə şərtlərini gördükdə “çox etibarlı və güvənilən tərəfdaşlara” çevrilirlər. Merts bu kontekstdə Ermənistanda aparılan islahatların vacibliyini vurğulayıb.
Merts regionda sülh gündəliyinə də toxunaraq Paşinyanı və Azərbaycan Prezidenti İlham Əliyevi “sülh sazişinə nail olmağa” görə təbrik edib və bunu “böyük nailiyyət” adlandırıb.
Ermənistan və Azərbaycan illərlə davam edən danışıqlardan sonra 2025-ci ilin martında sülh müqaviləsinin mətni üzrə danışıqları yekunlaşdırıb. Sənəd avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi üçtərəfli görüşdə paraflanıb, lakin hələ imzalanmayıb. Vaşinqton sammitinin nəticələrindən biri də Azərbaycanı Naxçıvanla Ermənistan ərazisindən birləşdirəcək marşrutun yaradılması barədə razılaşma olub.
“Bu, rifah, sülh və inkişaf üçün çox vacibdir. Bu, Cənubi Qafqaz üçün regionun hüdudlarını aşan çox müsbət siqnaldır”, - Merts deyib və tərəfləri “qalan məsələlərin həlli üçün növbəti addımları atmağa” çağırıb.
Paşinyan isə Almaniya tərəfinə regional nəqliyyat marşrutlarının açılması çərçivəsində formalaşan “geniş imkanlar” barədə məlumat verdiyini, həmçinin Cənubi Qafqazda infrastruktur sektorlarında əməkdaşlığın genişləndirilməsini müzakirə etdiklərini söyləyib.
O, hökumətin “Sülh kəsişməsi” layihəsinə və “Tramp Marşrutu”na istinad edərək bu təşəbbüslərin Almaniya üçün də böyük əhəmiyyət daşıyan Orta Dəhlizdə mühüm qovşağa çevriləcəyinə inandığını bildirib.
Paşinyan həmin gün Almaniya Xarici Siyasət Şurasında çıxışı zamanı Ermənistanda qeydiyyatdan keçiriləcək erməni–amerikan şirkətinin adının “TRIPP Company” olacağını da açıqlayıb. Baş nazirin sözlərinə görə, şirkətə dəmir yolu, avtomobil yolu, neft və qaz kəmərləri, eləcə də fiber-optik xətlərin zəruri infrastrukturunu inkişaf etdirmək hüququ veriləcək.
Paşinyan “TRIPP”in ümumi icra şərtləri üzrə “intensiv danışıqların” davam etdiyini və həyata keçirmə, tikinti mərhələsinin “ən geci gələn ildən” başlaya biləcəyini qeyd edib.
Səfər çərçivəsində Paşinyan Merts ilə təkbətək görüş də keçirib. Rəsmi məlumata görə, Almaniya tərəfi, digər məsələlərlə yanaşı, “Ermənistanın Aİ və daha geniş demokratik dövlətlər ailəsi ilə əlaqələrinin gücləndirilməsini” alqışlayıb.
Paşinyan Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə də görüşüb. Ermənistan tərəfinin açıqlamasına əsasən, Ştaynmayer ölkəsinin Ermənistanla münasibətləri inkişaf etdirməyə hazır olduğunu vurğulayıb.