Qroznıda “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində həlak olanların xatirəsinə abidə qoyulub. Memorial kompozisiya Heydər Əliyev adına xiyabanda açılıb. Bu barədə Rusiya dövlət agentliyi “RIA Novosti” məlumat yayıb.
Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib. Çeçenistan rəhbəri və hökumətinin Administrasiyasının rəhbəri Qalas Taymasxanov çıxışında deyib ki, qəzaya dair xəbər hamı üçün dəhşətli olub.
2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”na məxsus Embraer 190 tipli təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 38-i həlak olub. Layner Bakıdan Qroznıya uçarkən Rusiyanın hava məkanında zədələnib. Həmin vaxt Azərbaycan prezidenti İlham Əliyev də Rusiyaya səfərə gedirdi, lakin qəzaya dair məlumat dəqiqləşən kimi təyyarəsini geri - Bakıya qaytarıb.
Hadisədən sonrakı gün “Reuters” və “Euronews” agentlikləri Bakıda mənbələrə istinadla xəbər vermişdilər ki, təyyarəni Rusiyanın hava hücumundan müdafiə sistemi vurub, ekipaja isə Rusiyanın heç bir hava limanına enməyə icazə verilməyib, Qazaxıstana uçmaq göstərişi verilib.
Aviaqəzadan sonra Rusiya-Azərbaycan münasibətlərində gərginlik artıb. Bakıda “Rus Evi” bağlanıb, “Sputnik Azərbaycan” xəbər agentliyinin redaksiyasında axtarış aparılıb, onun əməkdaşları casusluqda ittiham olunub, Rusiyadan Azərbaycana gələn vətəndaşlar üçün ölkədə qalma müddəti ildə 180 gündən 90 günə endirilib. Prezident İlham Əliyev də Moskvada keçirilən Qələbə Paradına qatılmayıb.
Azərbaycan tərəfi qəza faktı ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşdığını bildirir, Kremlə isə dəfələrlə rəsmi etiraf və üzr tələbi ilə müraciət edib. Rusiya prezidenti Vladimir Putin hadisədən yalnız üçüncü gün sonra üzrxahlıq edib.
Oktyabrda Tacikistanda keçirilən sammit çərçivəsində Putin və Əliyev arasında görüş baş tutub. Putin həmin görüşdə təyyarəni Rusiya hava hücumundan müdafiə sisteminin vurduğunu etiraf edib, günahkarların cəzalandırılacağına və zərərçəkənlərə kompensasiya ödəniləcəyinə söz verib. Bu öhdəliklər Bakının əsas tələblərinə - kompensasiya və məsul şəxslərin cəzalandırılmasına uyğun idi. Lakin indiyədək bu istiqamətdə konkret addım atılmadığı bildirilir.
Dekabrın 22-də isə məlum olub ki, İlham Əliyev Sankt-Peterburqda keçiriləcək MDB liderlərinin sammitində iştirak etməyib. Rusiya tərəfi onun səfərinə hazırlaşsa da, prezidentin sammitdən imtinası barədə qərar son anda açıqlanıb.