Çexiyanın Karlova Universitetinin doktorantı, sülh fəalı Bəhruz Səmədovun 1 il müddətinə Umbakı Penitensiar Kompleksinə köçürülməsi ilə bağlı qərar verilib. Bu barədə məlumatı onun yaxınları yayıb.
Onların sözlərinə görə, qərar 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin Binəqədi Rayon Məhkəməsinə müraciəti əsasında qəbul olunub. Məhkəmə dekabrın 1-də məhz müəssisənin daxilində keçirilib və rəhbərliyin müraciəti təmin edilib.
Fəalın 82 yaşlı nənəsi Zibeydə Osmanova “Azadlıq Radiosu”na bildirib ki, prosesə ailə üzvləri buraxılmayıb:
“Sonra vəkili zəng etdi ki, onu bir il müddətinə Umbakıya göndərirlər. Bəhruz demişdi ki, beş-altı ay qalacaq orada, amma indi deyirlər, bir il qalacaq, sonrası bilinmir”.
Zibeydə Osmanova nəvəsinin vəziyyətindən də danışıb:
“Deyir ki, “kitablar olmasa, dəli olardım”. Yeganə övladım, yeganə nəvəm zülm çəkir. Mən xəstəyəm, təzyiqim qalxır, təcili yardım çağırıram. Qonşulara yalvarıram ki, gəlib iynə vursunlan”.
Məlumata görə, Umbakı Penitensiar Kompleksi digər müəssisələrlə müqayisədə daha sərt rejimlə idarə olunur.
Bəhruz Səmədov oktyabrın 21-də saxlandığı 11 saylı Cəzaçəkmə Müəssisəsində “daxili qaydaları pozmaq” ittihamı ilə cərimə kamerasına (“kars”) salınıb. Onun vəkili Zibeydə Sadıqova bu qərarın qanunsuz olduğunu bildirib. Noyabrın 17-də keçirilən məhkəmə iclasında şikayətə baxılmadan saxlanılıb və iş Bakı İnzibati Məhkəməsinə yönləndirilib.
Həmin iclas zamanı müəssisə rəhbərliyi Səmədovun Umbakı qəsəbəsindəki Penitensiar Kompleksin qapalı hissəsinə köçürülməsi barədə təqdimat verib.
Bəhruz Səmədovu 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizliyi Xidməti saxlayıb və dövlətə xəyanətdə ittiham olunub. 2025-ci il iyunun 23-də məhkəmə onu 15 il azadlıqdan məhrum edib. Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. O, özünü təqsirli bilmir. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları Səmədovun həbsini siyasi motivli hesab edirlər.
Foto: sosial media