Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri dekabrın 24-25-də Azərbaycanda saxlanılan bütün erməni məhbuslarla görüşüblər. Bu, humanitar qurumun 2025-ci ilin sentyabrında Bakının tələbi ilə ölkədəki fəaliyyətini dayandırmasından sonra ilk səfərdir.
BQXK-nın Ermənistan nümayəndəliyinin kommunikasiya rəhbəri Zara Amatuni “Azadlıq Radiosu”na bildirib ki, görüşləri təşkilatın Cenevrə baş ofisi təşkil edib. Onun sözlərinə görə, səfər humanitar təşkilatla Azərbaycan hakimiyyəti arasında aparılan “dialoqun nəticəsi”dir:
“Bu istiqamətdə səylərimizi davam etdirməyə hazır və açığıq”, - Amatuni qeyd edib.
Nümayəndə heyətinin tərkibində həkim də olub.
“Qurumun mandatına uyğun olaraq, əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də diqqət mərkəzində məhbusların səhhəti, onlara münasibət və saxlanma şəraiti olub”, - BQXK rəsmisi deyib.
Səfərdən cəmi bir neçə gün əvvəl - dekabrın 22-də Azərbaycanda həbs edilən 70 yaşlı erməni Vaqif Xaçatryanın saxlandığı müəssisədə xəstəxanaya köçürüldüyü, vəziyyətinin “ağır” olduğu açıqlanmışdı.
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, rəsmi Yerevan Vaqif Xaçatryanın səhhəti ilə bağlı məlumat toplayır və tərəflərlə bölüşür, lakin əlavə detallar açıqlamayıb.
2025-ci ilin sentyabrına qədər BQXK Azərbaycandakı erməni məhbusların vəziyyətinə nəzarət edən yeganə qurum idi: təşkilat şəraitə baxır, onların səhhətini yoxlayır və ailələrlə əlaqəni təmin edirdi.
Humanitar missiya sentyabrın 3-dən etibarən, Azərbaycan hakimiyyətinin tələbi ilə fəaliyyəti dayandırdığını açıqlayandan sonra Yerevanda bu məhbuslarla bağlı informasiya boşluğu ilə bağlı narahatlıq artıb.
Azərbaycan rəsmən 23 erməni məhbus saxladığını, onların arasında tanınmamış keçmiş “Daşlıq Qarabağ Respublikası”nın rəhbərlərinin də olduğunu bildirir.
Məhbusların taleyi Ermənistan və Azərbaycan arasında hələ də açıq qalan məsələlərdən biri olaraq qalır. Vaşinqtonda avqustun 8-də ilkin razılaşdırılan sülh sazişi və Ağ Evdə imzalanan ayrıca bəyannamə bu mövzu üzrə Bakıya konkret öhdəlik qoymur.
Görüşdən sonra yayılan görüntülərdə ABŞ prezidenti Donald Trampın Paşinyanla söhbətində məhbus məsələsinə toxunduğu, onların azadlığa buraxılmasına yardım edəcəyini bildirdiyi iddia olunur. Bununla belə, bu istiqamətdə atılacaq addımlar barədə əlavə rəsmi açıqlama verilməyib.