Tarixdə ilk dəfə olaraq Azərbaycan Gürcüstan üzərindən Ermənistana benzin partiyası göndərib.
“APA”nın məlumatına görə, dekabrın 18-də SOCAR-ın istehsal etdiyi AI-95 markalı benzinlə yüklənmiş 22 dəmiryol vaqonu Ermənistana yola salınıb. Azərbaycan hökuməti göndərişlə bağlı hələlik rəsmi açıqlama verməyib.
Ermənistan tərəfi isə daşınmanı təsdiqləyib. Baş nazir Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə xəbəri şərh edərək bildirib ki, ticarət özəl şirkətlər arasında aparılsa da, bu proses üçün siyasi şəraiti Ermənistanla Azərbaycan arasında formalaşan sülh mühiti yaradıb. O əlavə edib ki, məsələ ilə bağlı “siyasi səviyyədə” də razılaşmalar mövcuddur.
Paşinyan həmçinin Gürcüstan dəmir yollarının tarifləri ilə bağlı problemlərin olduğunu söyləyib və onların həll ediləcəyinə ümid etdiyini vurğulayıb. Əks halda, daşınmalar davam edərsə, “məntiqlə biznesin idxal-ixracı təmin etmək üçün alternativ yollar axtaracağını” qeyd edib.
Ermənistanın iqtisadiyyat naziri Gevoq Papoyan da “Azadlıq Radiosu”na açıqlamasında ölkəsinin 22 vaqon yanacaq idxal etdiyini, bunun təxminən 1 300 ton olduğunu bildirib. Nazirə görə, yük Ermənistana “növbəti günlərdə” çatmalıdır. Papoyan idxalçı şirkətin adını isə açıqlamayıb.
Nazir həmçinin razılaşmanın detallarının erməni və azərbaycanlı şirkətlər arasında danışıqlar yolu ilə müəyyənləşdirildiyini, gətirilən yanacağın “yüksək keyfiyyət göstəricilərinə” malik olduğunu deyib.
“Qeyd edək ki, müharibə yox, ticarət edirik. Müharibə itki gətirir, ticarət isə rifah”, - Papoyan “Azadlıq Radiosu”na bildirib.
“APA” yazır ki, göndəriş “Azərbaycan və Ermənistan arasında sülh gündəliyinə uyğun” həyata keçirilir və bu, noyabrın 28-də Qəbələdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın baş nazir müavini Mher Qriqoryan arasında əldə olunan razılaşma ilə əlaqələndirilir. Həmin görüş Ermənistan-Azərbaycan sərhədin delimitasiyası üzrə komissiyaların danışıqları çərçivəsində baş tutub və tərəflərin iki ölkədən birinin ərazisində keçirdiyi ilk belə görüş kimi qiymətləndirilir.
Agentlik vurğulayır ki, neft məhsulları Ermənistana beynəlxalq bazar qiymətləri ilə satılır və ixrac “tamamilə kommersiya xarakteri” daşıyır. “APA” eyni zamanda yanacağın Gürcüstan üzərindən daşınacağını birbaşa təsdiqləməsə də, Gürcüstan hökumətinin dekabrın əvvəlində Azərbaycan benzininin Ermənistana tarifsiz, birdəfəlik tranzitinə şərait yaratmaq öhdəliyini xatırladıb.
Foto: Prezident.az