Dekabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru, siyasətçi Azər Qasımlıya açılan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
“Toplum TV”nin məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmədə sənədlərin tədqiqi mərhələsi aparılıb.
Hakim sənədləri oxuduqca müdafiə tərəfi zərərçəkən qismində tanınan Qurbanəli Yusifova suallar ünvanlayıb. Yusifov Azər Qasımlının ona borc məsələsinə görə hədə-qorxu gəldiyini iddia edir.
Sənədlərin araşdırılması zamanı məlum olub ki, Qurbanəli Yusifov daxili işlər naziri Vilayət Eyvazova ünvanladığı ərizədə Azər Qasımlının onu ofisdə təhdid etdiyini yazıb. Azər Qasımlı məhkəmədə bu iddia ilə bağlı fiziki sübutun və ya hal şahidinin olub-olmadığını soruşub, “zərərçəkən” isə “yox” cavabı verib.
İclasda həmçinin Yusifovun siyasətçinin onu Türkiyədəki mafiya vasitəsilə zəng etdirərək təhdid etdiyini də iddia etdiyi açıqlanıb. Azər Qasımlı bu iddiaya dair sübut tələb etdikdə, Yusifov istintaq materiallarında bununla bağlı ekran görüntüsünün (“skrinşot”) olduğunu deyib. Lakin proses zamanı tədqiq edilən sənədlər arasında belə bir “skrinşot” aşkar edilməyib.
Müdafiə tərəfi daha bir məqama diqqət çəkib: Qurbanəli Yusifov daxili işlər nazirinə ünvanladığı ərizədə və ibtidai istintaqa verdiyi ifadədə həmin zəngin Antalyada olduğu vaxt baş verdiyini qeyd etsə də, məhkəmədə bunun Bakıda olarkən edildiyini bildirib.
Sənədlərin tədqiqi zamanı o da aydın olub ki, Yusifov ərizəsində Azər Qasımlının onu ofisdə təhdid edərkən yanında başqa şəxslərin olduğunu yazıb, lakin ibtidai istintaqa verdiyi ifadədə həmin vaxt ofisdə başqa heç kimin olmadığını deyib.
Məhkəmə prosesi dekabrın 24-də davam etdiriləcək.
Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182.2.3-cü (zor tətbiqi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Qasımlı ittihamı siyasi sifariş kimi qiymətləndirir.
Qasımlı daha əvvəl, 2018-ci ildə Bakıda keçirilən etiraz aksiyasına rəhbərlik etdiyinə görə 30 sutka inzibati həbs cəzası almışdı. Hüquq müdafiəçiləri isə Azərbaycanda siyasi məhbusların sayının 400-ə yaxın olduğunu bildirirlər.