Dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru, siyasətçi Azər Qasımlıya açılan cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.
“Toplum TV”nin məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda sənədlərin tədqiqinə başlanılıb. Proses zamanı Azər Qasımlının və zərərçəkən qismində tanınan Qurbanəli Yusifovun istintaqa verdiyi ifadələr, Mingəçevir Şəhər Məhkəməsinin əvvəlki qərarı və digər istintaq materialları elan olunub.
Sənədlər oxunduqca müdafiə tərəfi Qurbanəli Yusifovun ifadəsindəki ziddiyyətləri qabardıb. Vəkillərin sözlərinə görə, Yusifov 2022–2023-cü illərdə Azər Qasımlının onu borca görə atasını öldürmək və oğlunu qaçırmaqla hədələdiyini iddia etsə də, bu barədə heç vaxt hüquq-mühafizə orqanlarına müraciət etməyib.
Azər Qasımlı da məhkəmədə xatırladıb ki, 2024-cü ilin aprelində Yusifovun ona olan borcu ilə bağlı Mingəçevir Şəhər Məhkəməsində işə baxılıb və həmin prosesdə Qurbanəli Yusifovun atası dindirilib, lakin heç bir təhdiddən danışmayıb.
Qurbanəli Yusifov isə bunu belə əsaslandırıb ki, həmin vaxt “məsələni şişirtmək istəməyiblər”. Sonrakı cavablarında isə ümumiyyətlə Mingəçevir məhkəməsində belə bir prosesin olmasından xəbəri olmadığını iddia edib.
Məhkəmədə Yusifovun Azər Qasımlı üçün “bitcoin” alıb-almaması ilə bağlı ziddiyyət də gündəmə gətirilib. Qurbanəli Yusifov bunu inkar etsə də, müdafiə tərəfi Mingəçevir məhkəməsinin materiallarına istinad edərək Yusifovun atasının həmin məhkəmədə oğlunun “bitcoin” aldığını etiraf etdiyini xatırladıb.
Növbəti məhkəmə prosesi dekabrın 17-nə təyin edilib.
Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb və Cinayət Məcəlləsinin 182.2.3-cü (zor tətbiqi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. O, irəli sürülən ittihamı siyasi sifariş kimi qiymətləndirir.
Qasımlı bundan əvvəl, 2018-ci ildə Bakıda keçirilən etiraz aksiyasına rəhbərlik etdiyinə görə 30 sutka inzibati həbs cəzası almışdı. Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycanda 400-ə qədər siyasi məhbus var.
Foto: Amerikanın Səsi