Apellyasiya Məhkəməsi Əli Kərimlini həbsdə saxlayıb, məhkəməyə gələn fəallar saxlanılıb

Apellyasiya Məhkəməsi Əli Kərimlini həbsdə saxlayıb, məhkəməyə gələn fəallar saxlanılıb
5 Dekabr 2025
Mətni dəyiş

Dekabrın 5-də AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda şikayət təmin olunmayıb, həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.

AXCP sədrinin müavini Seymur Həzi “Toplum TV”yə bildirib ki, Əli Kərimli məhkəmədə çıxış etməkdən imtina edib. Onun sözlərinə görə, partiya sədri bunu məhkəmələrin “qərarverici qüvvə” olmaması ilə əsaslandırıb. Həzi əlavə edib ki, Kərimli saxlanıldığı gündən etibarən istintaqa da ifadə verməyib və ittihamları absurd hesab edir.

Kərimliyə dəstək üçün məhkəmə binası önünə toplaşan AXCP fəallarının polis maneəsi ilə üzləşdiyi bildirilir. Partiyadan verilən məlumata görə, Apellyasiya Məhkəməsinin qarşısında saxlanılanlar olub. Saxlanılanlar arasında AXCP təşkilat şöbəsinin sədri Saqif Qurbanovun, Binəqədi rayon şöbəsinin sədri Ramid Qurbanovun və digər şəxslərin adı çəkilir.

Dekabrın 1-də Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) ilə ittiham irəli sürülüb.

AXCP sədri noyabrın 29-da saxlanılıb, evində axtarış aparılıb. Həmin gün AXCP Ali Məclisinin katibi Məmməd İbrahim, sədrin köməkçisi Faiq Əmirli, AXCP üzvü Ruslan Əmirov və keçmiş üzv Saleh Rüstəmli də saxlanılıb. Faiq Əmirli, Ruslan Əmirov və Saleh Rüstəmli sonradan sərbəst buraxılıb.

Məmməd İbrahim barəsində isə 2 ay yarım həbs qətimkan tədbiri seçildiyi bildirilir. Hökumətyönlü media saxlanılmaların və axtarışların DTX-də istintaqı davam edən Ramiz Mehdiyev işi ilə əlaqəli olduğunu yazıb.

Əli Kərimli Ramiz Mehdiyevlə əməkdaşlıq etməsi barədə iddiaları daha əvvəl “tamamilə əsassız” adlandırıb və ittihamları qəti şəkildə təkzib edib. AXCP rəhbərliyi baş verənləri “hakimiyyətin növbəti repressiv kampaniyası” kimi qiymətləndirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun