Anar Məmmədli: “İnsan Hüquqları Günü növbəti dəfə ölkəmizdə mülki və siyasi hüquqların böhranı şəraitində yad edilir”

Anar Məmmədli: “İnsan Hüquqları Günü növbəti dəfə ölkəmizdə mülki və siyasi hüquqların böhranı şəraitində yad edilir”
10 Dekabr 2025
Mətni dəyiş

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli Bakı İstintaq Təcridxanasından 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə müraciət yayıb. O, Azərbaycanda “mütərəqqi və sivil dəyərlər uğrunda çalışan” hüquq müdafiəçilərini, ictimai fəalları, ziyalıları və insan hüquqları təşkilatlarının üzvlərini təbrik edib.

Müraciəti “Gözətçi” platforması dərc edib.

Məmmədli müraciətində bildirib ki, İnsan Hüquqları Günü ölkədə mülki və siyasi hüquqların böhranı fonunda qeyd olunur. O, bu vəziyyəti hüququn aliliyinə, siyasi plüralizmə və demokratik dəyərlərə əsaslanan hüquqi-siyasi sistemin qurulmaması ilə əlaqələndirib. SMDT sədri son üç ildə siyasi motivli təqiblərin və həbslərin artdığını, ifadə azadlığına, siyasi iştirak və birləşmək hüquqlarına təzyiqlərin gücləndiyini vurğulayıb.

Anar Məmmədlinin müraciəti:

“Təəssüflər olsun ki, 10 Dekabr - İnsan Hüquqları Günü növbəti dəfə ölkəmizdə mülki və siyasi hüquqların böhranı şəraitində yad edilir. Belə bir tarixi günü son 80 ildə insan hüquqları və azadlıqları sahəsində tarixi nailiyyətlər əldə etmiş mütərəqqi bəşəriyyətin bir parçası kimi qeyd etmək imkanından məhrumuq. Bunun əsas səbəbi ölkəmizdə hüququn aliliyinə, siyasi plüralizm və demokratik dəyərlərə əsaslanan hüquqi-siyasi sistemin qurulmamasıdır. Son 3 ildə sayı durmadan artan siyasi motivli təqiblər və həbslər, o cümlədən ifadə azadlığı, siyasi iştirak və birləşmək hüquqlarına qarşı təzyiqlər bizi mütərəqqi bəşəriyyətdən hər ötən il daha da uzaqlaşdırır.

Belə ümidsiz və acınacaqlı şəraitdə ölkəmizdə vətəndaş hüquq və azadlıqları uğrunda çalışan hər kəsə əzm və dəyanət arzulayıram!”

Bu arada, dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən iclasda şahidlərin dindirilməsi davam edib. Növbəti məhkəmə prosesi 2026-cı il yanvarın 5-nə təyin olunub.

Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, daha sonra digər maliyyə cinayətləri üzrə maddələr də əlavə edilib.

İctimai fəal Anar Abdullayev də Anar Məmmədli ilə birlikdə cinayət işinə cəlb olunub. O, bir neçə maliyyə cinayətində ittiham olunur.

Təqsirləndirilən şəxslər həbslərinin siyasi motivli, ittihamların isə saxta olduğunu bildirirlər. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları onları siyasi məhbus kimi tanıyıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun