Vəkil: “Dövlət AİHM-in pozuntu hesab etdiyi halları Anar Məmmədliyə qarşı hüquqi arqument kimi istifadə edir”

Vəkil: “Dövlət AİHM-in pozuntu hesab etdiyi halları Anar Məmmədliyə qarşı hüquqi arqument kimi istifadə edir”
18 Noyabr 2025
Mətni dəyiş

Noyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin işi üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesə hakim Aygün Qurbanova sədrlik edib.

“Gözətçi” portalının məlumatına görə, məhkəmədə Anar Məmmədlinin vəkili Cavad Cavadov bir sıra əsaslandırılmış sənədlərin və məlumatların əldə edilməsi üçün vəsatət qaldırıb. Vəkil bildirib ki, müdafiə tərəfi ittihamların hüquqi və faktiki əsaslarını mübahisələndirmək üçün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yanında Azərbaycan Respublikasının Səlahiyyətli Nümayəndəsinə rəsmi sorğu göndərilməsini tələb edir.

Vəsatətdə qeyd olunub ki, Anar Məmmədliyə qarşı irəli sürülən yeni ittihamlar onun əvvəlki həbsi və SMDT-nin qeydiyyatından imtina ilə bağlı AİHM qərarlarının icra edilməməsi ilə birbaşa bağlıdır. Müdafiə tərəfi xüsusilə “Məmmədli Azərbaycana qarşı” işi üzrə AİHM-in 19 aprel 2018-ci il tarixli qərarına istinad edib. Həmin qərarda Avropa Məhkəməsi Məmmədlinin 2013-cü il həbsini hüquqa zidd, əsassız və siyasi motivli hesab etmiş, onun məhkumluğunun bütün mənfi hüquqi nəticələrinin aradan qaldırılmasını və bəraət verilməsini tələb etmişdi.

Vəkil Cavad Cavadov bildirib ki, Azərbaycan AİHM-in bu qərarını icra etmədiyi üçün Məmmədlinin əvvəlki məhkumluğu qüvvədə saxlanılıb və indi yeni iş üzrə ona qarşı ağırlaşdırıcı hal kimi istifadə edilir. Müdafiə tərəfi bunun həm Konvensiyanın 46-cı maddəsinə, həm də Konstitusiyanın 151-ci maddəsinə zidd olduğunu vurğulayıb.

Vəsatətdə SMDT-nin qeydiyyata alınmaması ilə bağlı AİHM-in 12 yanvar 2023-cü il tarixli qərarına da diqqət çəkilib. AİHM həmin qərarda təşkilatın dövlət qeydiyyatına alınmamasını “əsassız və özbaşına” adlandırmış, bunun birləşmək azadlığının pozuntusu olduğunu təsbit etmişdi. Müdafiə tərəfi bildirib ki, qeydiyyatsızlıq problemini dövlət özü yaratdığı halda, bu faktın indi ittiham üçün əsas kimi göstərilməsi məntiqsiz və hüquqa ziddir.

Vəsatətdə həmçinin Avropa Şurası Nazirlər Komitəsinin 2019-cu ildən bəri apardığı müzakirələrə istinad edilib. Komitə dəfələrlə vurğulayıb ki, “Məmmədli qrupu” işlərində sistemli sui-istifadə halları qalır və tam icra yalnız Məmmədlinin məhkumluğunun ləğvi və QHT-lərin qeydiyyat məsələsinin həll edilməsi ilə mümkündür.

Müdafiə tərəfi hesab edir ki, dövlət bu öhdəlikləri yerinə yetirmədiyi halda, həmin pozuntuları cinayət işində ittihamın lehinə hüquqi arqument kimi istifadə edə bilməz.

Müdafiə tərəfi məhkəmədən xahiş edib ki, AİHM yanında Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsinə rəsmi sorğu göndərilsin və AİHM qərarlarının icra vəziyyəti, Nazirlər Komitəsinə təqdim olunmuş fəaliyyət planları və hesabatlar, görülmüş fərdi və ümumi tədbirlər haqqında rəsmi sənədlər məhkəməyə təqdim edilsin.

Vəkil bildirib ki, bu məlumatlar ittihamın legitimliyinin qiymətləndirilməsi və işin siyasi motivli olub-olmadığının müəyyən edilməsi üçün həlledicidir.

Məhkəmədə daha sonra ictimai fəal Anar Abdullayev yenidən sərbəst ifadəsini verib və dövlət ittihamçısının suallarını cavablandırıb.

Növbəti məhkəmə iclası dekabrın 8-nə təyin edilib. Proses şahid ifadələri ilə davam etdiriləcək.

Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. Əvvəlcə ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, daha sonra digər maliyyə cinayətləri maddələri də əlavə edilib.

Yerli və beynəlxalq hüquq təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun