“Toplum TV işi”: Şahidlər istintaqdakı ifadələrini təzyiq altında verdiklərini bildiriblər

“Toplum TV işi”: Şahidlər istintaqdakı ifadələrini təzyiq altında verdiklərini bildiriblər
4 Noyabr 2025
Mətni dəyiş

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə şahidlərin dindirilməsi davam edib, lakin iclas gərgin atmosferdə keçib.

“Toplum TV”nin məlumatına görə, prosesin əvvəlində III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli məhkəmə tərkibinə etiraz edib. O, məhkəmə sədri Azər Tağıyevə müraciətlə satirik tonda çıxış edərək bildirib:

“Bakı İstintaq Təcridxanasında sizin haqqınızda dırnaqarası müsbət danışan çox məhbus var. Sizi bu çirkaba bulaşmaqdan xilas etmək üçün istəyirəm ki, sədrlikdən uzaqlaşasınız. Siz ötən məhkəmədə şahidlərə təsir edirdiniz, özünüzü hakim yox, dövlət ittihamçısı kimi aparırdınız”.

Etiraza Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov da qoşulub. O, hakimi şahidlərə təzyiq iddialarını araşdırmamaqda ittiham edib:

“Şahidlər ifadələrini təzyiq altında verdiklərini deyirdilər, siz isə bunun necə baş verdiyini soruşmadınız. Şahidlərin rahat ifadə verməsinə şərait yaratmırsınız, sonra da “səmimi deyilsən” deyirsiniz. Bunu hansı meyarla ölçürsünüz?”

İDİ əməkdaşı Əli Zeynal isə əlavə edib ki, “təcridxanada hakim haqqında yalnız mənfi sözlər eşidib”. “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli də hakimin “cinayətkar olmadığınızı sübut etməlisiniz” ifadəsini xatırladaraq buna sərt reaksiya verib:

“Bu, təqsirsizlik prezumpsiyasının açıq pozulmasıdır. Hakim belə söz deyirsə, bəs biz niyə buradayıq? Deməli, qərar artıq əvvəlcədən verilib”.

Hakimlər müşavirəyə gedərək etirazı təmin etməyiblər.

Prosesdə şahid qismində ifadə verən Şahin Məhərrəmli Akif Qurbanovun dostu olduğunu və istintaqdakı ifadəsini təzyiq altında imzaladığını bildirib:

“İfadəni mən yazmamışam, mənə oxumağa da imkan verilmədi”.

Hakim istintaq ifadəsini oxuyarkən məlum olub ki, orada Qurbanovun “qrantlara görə qorxaraq avtomobili həyat yoldaşının adına rəsmiləşdirdiyi” iddia olunur. Şahid isə bunu təkzib edib, səbəbin sənəd problemi olduğunu deyib.

O, həmçinin Qurbanovun “30 min manat borc istədiyi” barədə istintaq ifadəsini təsdiqləyib, amma “dostlar arasında borc almağın normal hal olduğunu” bildirib:

“Hamımız bir-birimizdən borc istəyirik. Mən də ondan istəmişəm”.

Müdafiə tərəfi şahidin vaxtilə 30 sutka inzibati həbs aldığını xatırladaraq bunun səbəbini soruşub. Şahin Məhərrəmli cavabında deyib:

“Məni Akif Qurbanovla dost olduğuma görə həbs etdilər. Polislər özləri belə dedilər”.

Dövlət ittihamçısı isə belə bir maddənin qanunda olmadığını deyib, lakin hakim şahidin məhkəmədə verdiyi ifadəni protokola əlavə edib.

Keçmiş “Toplum TV” əməkdaşı, yazıçı Cavid Ramazanov da istintaqda təzyiqlə ifadə verdiyini bildirib:

“Məni saxlayanda vəkillə təmin etmədilər, əks halda həbs qətimkan tədbiri seçiləcəyi ilə hədələdilər”.

Növbəti şahid - “Toplum TV” aparıcısı Alya Yaqublu ilə hakim arasında gərginlik yaşanıb. Bu zaman Akif Qurbanov və Ələsgər Məmmədli hakimin davranışına etiraz ediblər. “Toplum TV” əməkdaşı Fərid İsmayılov da çıxış edərək bildirib:

“Siz iki suala dözümsüzlük göstərirsiniz, üstümüzə qışqırırsınız. Təsəvvür edin, qapalı istintaq otaqlarında necə təzyiq olub”.

Alya Yaqublu ifadəsində Akif Qurbanovu “Toplum TV”də işləməyə başladıqdan sonra tanıdığını” deyib:

“Akif Qurbanov müstəqil medianın öldüyü vaxtda “Toplum TV” kimi peşəkar media qurdu. Onu həm tənqid edirdik, həm də verilişlərə dəvət edirdik. Amma o, suallarımızı cavabsız qoymurdu”.

Prosesin sonunda hakim növbəti məhkəmə iclasını noyabrın 24-nə təyin edib. İclas şahidlərin dindirilməsi ilə davam edəcək.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər təqsirləndirilir. Onlar arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu üzv Ruslan İzzətli, “Toplum TV” həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, IDİ əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev var. Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. "Toplum TV" redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 

İlkin mərhələdə onlara qaçaqmalçılıq ittihamı irəli sürülmüş, sonradan ittihamların məzmunu ağırlaşdırılıb. Təqsirləndirilənlər ittihamları siyasi motivli adlandırır və həbslərinin sifarişlə həyata keçirildiyini bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun