Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) talış ictimai fəalı Kamal İsayevi İstanbulda saxlayaraq Azərbaycana gətirdiyi bildirilir. Bu barədə onun həyat yoldaşı Aida İsayeva “OC Media”ya məlumat verib. Cütlük Rusiya vətəndaşıdır.
Aida İsayevanın sözlərinə görə, həyat yoldaşından noyabrın 7-dən bəri xəbər almaq mümkün olmayıb. O, İsayevin Türkiyədə saxlanıldığı barədə xəbəri yalnız çərşənbə günü Bakıda yaşayan qohumlarından öyrəndiyini deyib.
Məlumata görə, Moskvada yaşayan İsayev noyabrın 2-də müalicə məqsədi ilə Türkiyəyə yollanıb. Onun xroniki mədə yarası xəstəliyi var.
“Türkiyəyə 4–5 noyabrda çatdı və noyabrın 7-də gecə mənə “8 noyabrda gecə reysi ilə geri dönəcəyəm” mesajını yazdı”, – deyə həyat yoldaşı bildirib. Aida İsayeva ertəsi gün mesajına cavab versə də, bundan sonra həyat yoldaşı ilə əlaqə tam kəsilib.
Bir neçə gün ərzində o, Türkiyədə vəkillərlə əlaqə saxlayıb və vəkalətnamə göndərməsi xahiş olunub.
“Noyabrın 12-də Rusiyadakı Türkiyə konsulluğuna getməyə hazırlaşırdım ki, yolda baldızım mesaj yazdı. Kamalın saxlanılaraq Azərbaycana aparıldığı bildirildi. Dövlətin təyin etdiyi vəkil ona həbsxanada olduğunu deyib”, – İsayeva bildirib.
Aida İsayeva qeyd edib ki, həyat yoldaşı talışların hüquqlarının müdafiəsi, talış dilinin qorunması və Azərbaycanda siyasi motivli həbslərlə bağlı fəaliyyət göstərib.
“O, “YouTube” kanalında Azərbaycan hökumətini də tənqid edirdi”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, baldızı ailəyə vəkilin “saxlanılma barədə məlumatın ictimailəşdirilməməsi” tövsiyəsini çatdırsa da, Aida İsayeva bununla razılaşmayıb.
İsayevin vəkili Cahangir Cavadov “OC Media”ya bildirib ki, o, ittihamlarla bağlı məlumat verə bilməz:
“Çünki İsayev mənə qəti şəkildə bu məlumatları yaymamağı tapşırıb”.
Vəkil əlavə edib ki, İsayevin ikili vətəndaşlığı var və Azərbaycanda qeydiyyatdadır. Buna görə də, Türkiyə və beynəlxalq hüquqa uyğun şəkildə deportasiya edilərsə, bu, qanuni sayılır.
Lakin Aida İsayevanın sözlərinə görə, onun həyat yoldaşı SSRİ dağılandan sonra heç vaxt Azərbaycan pasportu almayıb və yalnız Rusiya pasportuna sahib olub. İsayevin Azərbaycan vətəndaşı olub-olmadığı daqiq bilinmir. Onun adı Mərkəzi Seçki Komissiyasının açıq seçici siyahısında da yer almır.
Bu, son aylarda Talış fəallarının ölkəyə gətirilməsi ilə bağlı ilk iddia deyil. Mart ayında talış tarixçisi Zahirəddin İbrahimovun Rusiyanın Yekaterinburq şəhərində itkin düşdüyü bildirilmişdi. Bir qədər sonra Lənkəranda yaşayan qohumlarına DTX-dan məktub göndərilmiş, ona xəyanət də daxil olmaqla bir sıra ittihamlar irəli sürülmüşdü. İbrahimov 20 ildən çoxdur Rusiyada yaşayır və 2002-ci ildə bu ölkənin vətəndaşlığını alıb.