Samir Aşurovun həyat yoldaşı: “Soyuqdan ciyərləri ağrıyır, amma həkim yaxın durmur”

Samir Aşurovun həyat yoldaşı: “Soyuqdan ciyərləri ağrıyır, amma həkim yaxın durmur”
11 Noyabr 2025
Mətni dəyiş

Həbsdə olan siyasi fəal Samir Aşurovun uzun müddətdir xəstə olmasına baxmayaraq, lazımi tibbi yardım ala bilmədiyi bildirib.

Samir Aşurovun həyat yoldaşı Nura Aşurova bu barədə “Facebook” səhifəsində məlumat verib. 

Nura Aşurovanın sözlərinə görə, Samir Aşurov bir müddət əvvəl saxlanıldığı həbsxanada yoluxduğu xəstəlikdən sonra Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (“Tubzon”) göndərilib:

“Guya müalicə edəcəkdilər, amma Samir deyir ki, orada bir dərmandan başqa heç bir müalicə aparılmayıb. Tubzondan 2 saylı Cəzaçəkmə Müəssisəsinə gətirildiyi gündən bəri isə nə baxış olub, nə də müalicə. İndi soyuqdan ciyərləri ağrıyır, amma həkim yaxın durmur”.

Aşurova qeyd edib ki, həyat yoldaşının 2 saylı Cəzaçəkmə Müəssisəsindəki sanitar hissəyə yerləşdirilməsi üçün aylarla müraciət etsə də, nəticə əldə edə bilməyib:

“Hamı bilir ki, ora yalnız pullu məhbuslar yerləşdirilir, Samirin adını belə çəkmirlər. Penitensiar Xidmətin əməkdaşları ilə dəfələrlə əlaqə saxlamışam, əvvəl “baş üstə” deyib, sonradan zənglərimə cavab vermədilər”.

O bildirib ki, Penitensiar Xidmətin məsul əməkdaşı ilə “WhatsApp” vasitəsilə əlaqə saxlamağa çalışsa da, nəticə olmayıb:

“Bir dəfə nömrəmi tanımadığı üçün cavab verdi. Özümü təqdim etdikdən sonra “bir dəqiqəyə dönəcəm” dedi, amma aylardır nə zəng edir, nə maraqlanır”.

Nura Aşurova həmçinin 2 saylı Cəzaçəkmə Müəssisəsinin Səddam adlı baş həkiminin Samir Aşurovun xəstəliyindən xəbərdar olmasına baxmayaraq, rəy verməkdən imtina etdiyini iddia edib:

“Siyasi məhbuslara düşmən kimi baxılır, onların həyatı heçə sayılır”.

Aşurova Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən həyat yoldaşının səhhəti ilə dərhal maraqlanmağı, onun müalicə müəssisəsinə köçürülərək həkim nəzarətində saxlanılmasını tələb edib.

Samir Aşurov 2022-ci il martın 29-da Almaniyadan deportasiya edildikdən 20 gün sonra Bakıda saxlanılıb. O, Elşən Nəbiyev adlı şəxsə bıçaq xəsarəti yetirməkdə ittiham olunub (CM-in 126.2.4-cü maddəsi – xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurma). Daha sonra ona qarşı əlavə olaraq 221.3-cü maddə (silah və ya silah qismində əşya ilə xuliqanlıq) ilə ittiham irəli sürülüb.

2023-cü ilin dekabrında məhkəmə qərarı ilə Aşurov 6 il 6 ay azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu “siyasi məhbus” kimi tanıyıb və bildiriblər ki, həbsin əsl səbəbi onun Almaniyada Azərbaycan hakimiyyəti əleyhinə keçirilən aksiyalarda fəallığıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun