Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun ölkədən çıxışına qadağa qoyulduğu bildirilir. Bu barədə məlumatı onun yaxınları yayıb.
Yaxınlarının sözlərinə görə, uzun illər Rusiyada yaşayan Rüstəmov bacısı qızının vəfatı ilə əlaqədar Azərbaycana gəlib. Ancaq geri qayıdanda ona hava limanında çıxışına qadağa qoyulduğu barədə məlumat verilib.
Məsələ ilə bağlı Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
Saleh Rüstəmov 1997-ci ildən Rusiyada yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə Gədəbəy rayonunda icra başçısı vəzifəsində çalışıb.
2018-ci il mayın 8-də müvəqqəti olaraq gəldiyi Bakıda həbs olunan Rüstəmov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç üzvü ilə birlikdə “qanunsuz sahibkarlıq” və “pul vəsaitlərinin leqallaşdırılması” ittihamları ilə suçlanmışdı. İttihama görə, o, AXCP-ni qanunsuz maliyyələşdirməkdə təqsirləndirilirdi. Rüstəmov bu ittihamları qəbul etməmişdi.
2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 7 il 3 ay müddətinə azadlıqdan məhrum etmiş, ona məxsus olduğu deyilən bir sıra daşınmaz əmlakın müsadirəsi barədə qərar çıxarmışdı.
Saleh Rüstəmov 2022-ci ilin mayında prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Həbsdə olduğu müddətdə yerli hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olduğunu qəbul etmirlər
Foto: sosial media