Rusiyanın Krasnodar Vilayətinin Arbitraj Məhkəməsi azərbaycanlı iş adamı Şahlar Novruzovun və Britaniyanın Virgin adalarında qeydiyyatda olan “Vonixel Limited BVI” ofşor şirkətinin mülklərinin müsadirəsi barədə qərar verib. Qərar noyabrın 24-də Baş Prokurorluğun iddiası əsasında çıxarılıb.
Dövlətə verilən əmlak siyahısına Tuapse Kommersiya Dəniz Limanı (TMKP), onunla əlaqəli “Dar Fruit” müəssisəsi və Temryuk Yükötürmə Terminalı daxildir. Bu şirkətlər Tuapse və Temryuk limanlarında meyvə-tərəvəz yüklərinin daşınması üzrə ixtisaslaşıb. Şirkətlərin ümumi kapitalı 691 milyon rubldan (8,7 milyon dollar) çoxdur, illik dövriyyəsi 264,7 milyon rubl (3,3 milyon dollar), xalis mənfəəti isə 67,1 milyon rubl (848 min dollar) təşkil edir. Bundan başqa, kadastr dəyəri 383,6 milyon rubl (4,8 milyon dollar) olan 24 liman infrastrukturu obyektinin də dövlətə verilməsi qərara alınıb.
Prokurorluğun müraciətinə əsasən, məhkəmə qərarın dərhal icrasını tələb edib. Qurum bildirib ki, Novruzova və ofşor şirkətə məxsus müəssisələr yalnız qanuni yükdaşıma üçün deyil, həm də sanitar və fitosanitar qaydaları pozan, bəyan edilməyən və Rusiyadan çıxarılan malların daşınması üçün istifadə olunub.
“OC Media”nın məlumatına görə, Liman kompleksinin tarixi 2014-cü ilin oktyabrına gedib çıxır. Həmin vaxt Novruzov TMKP MMC-nin 100 faiz səhmlərini almışdı. Bir müddət sonra şirkətin hüquqları “Vonixel Limited BVI” ofşoruna ötürülüb. Nəzarət orqanları bunu strateji müəssisələr üzərində idarəetmə ilə bağlı qanunvericiliyin pozulması kimi qiymətləndirib.
Baş Prokurorluğun məlumatına görə, Novruzov daha sonra limanla bağlı digər aktivləri də alıb. “TMKP Enterprise” müəssisəsinin alınması TMKP MMC ilə birlikdə yüklərin qəbulu, saxlanması və daşınması üzrə vahid texnoloji kompleks formalaşdırıb. Bu sövdələşmələr də səlahiyyətli qurumlar tərəfindən təsdiqlənmədiyi üçün etibarsız hesab edilib. Nəticədə strateji müəssisəyə nəzarət 2022-ci ildən etibarən Rusiya hökumətinin “qeyri-dost ölkə” elan etdiyi Böyük Britaniyanın rezidentinə keçib.
2024-cü ildə Novruzov saxtalaşdırılmış sənədlərlə Prikubanski Rayon Məhkəməsində TMKP MMC-dəki paylarını bərpa etməyə çalışıb. İstintaq iş adamının hərəkətlərini xüsusilə böyük məbləğdə dələduzluğa cəhd kimi qiymətləndirib
Şahlar Novruzov barəsində sentyabrın 27-də cinayət işi açılıb və o,həbs olunub.
Rusiya Baş Prokurorluğunun yaydığı məlumata görə, Novruzov 919 milyon rubldan çox vəsaitin (təxminın 18 milyon manat) mənimsənilməsində ittiham olunur. Onun barəsində açılan iş Rusiya Cinayət Məcəlləsinin 30.3 və 159.4-cü maddələri – “xüsusilə iri məbləğdə dələduzluğa cəhd” – üzrə aparılır. İddiaya görə, o, rəhbəri olduğu “Kafe Köhnə Bakı” MMC və “Dar Frut” MMC şirkətlərinin nizamnamə kapitalında 100 faizlik payı mənimsəməyə cəhd edib. Həmin kommersiya qurumlarına məxsus daşınmaz əmlakların bazar dəyəri 919,4 milyon rubl təşkil edir.
Azərbaycan və Rusiya münasibətləri AZAL təyyarə qəzasından sonra gərginləşmişdi. Yekaterinburqda xüsusi əməliyyat zamanı azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşlarının ölümü isə vəziyyəti daha da gərginləşdirmişdi. Ardınca Bakıda “Sputnik Azərbaycan” rəhbərliyi “FSB-yə işləməkdə” ittiham edilərək saxlanılmış, Rusiya vətəndaşlarından bir neçəsi də narkotik alveri və kibercinayətkarlıq ittihamı ilə həbs olunmuşdu.
Bu hadisələrdən sonra Rusiyanın müxtəlif bölgələrində etnik azərbaycanlılara qarşı hüquq-mühafizə orqanlarının münasibətində gərginlik müşahidə olunur. İyun ayından etibarən Rusiyada azərbaycanlı diaspor üzvlərinə qarşı bir neçə cinayət işi başlanılıb.
Bu hadisələr iki ölkə arasındakı münasibətlərin yeni bir gərginlik mərhələsinə keçdiyi barədə fikirləri gücləndirib.