RSF İlham Əliyev və Bidzina İvanişvilini “mətbuat azadlığının yırtıcıları” adlandırıb

RSF İlham Əliyev və Bidzina İvanişvilini “mətbuat azadlığının yırtıcıları” adlandırıb
3 Noyabr 2025
Mətni dəyiş

“Sərhədsiz Reportyorlar” (RSF) təşkilatı Azərbaycan Prezidenti İlham Əliyevi və Gürcüstanın “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvilini öz ölkələrində mətbuat azadlığını boğduqlarına görə “mətbuat azadlığının yırtıcıları” siyahısına daxil edib.

“Oc Media”nın məlumatına görə, təşkilat bu siyahını Jurnalistlərə qarşı cinayətlərdə cəzasızlığın aradan qaldırılması üzrə Beynəlxalq Gün münasibətilə noyabrın 2-də dərc edib.

RSF açıqlamasında yazıb ki, siyahıda yer alan 34 şəxs və qurumun “metodları fərqli olsa da, məqsədləri eynidir — müstəqil media səslərini susdurmaq və məlumat almaq hüququnu tapdalamaqdır”.

“Qətllər, həbslər, qarayaxma kampaniyaları, təbliğat, troll orduları - bunların hamısı susdurma vasitələridir”, – təşkilat qeyd edib.

RSF Azərbaycan prezidentini ölkədə informasiya məkanını tam nəzarətə almaqda və müstəqil medianı susdurmaqda ittiham edib. Təşkilatın hesabatında bildirilir ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan “media səhrasına” çevrilib.

RSF xatırladıb ki, son illərdə ölkədə azı 26 jurnalist həbs edilib, “Abzas Media”nın əməkdaşları isə uzunmüddətli həbs cəzalarına məhkum olunublar.

Azərbaycan hakimiyyətinin media üzərinə təzyiqləri “Abzas Media” redaksiyasına reyd və onun rəhbərliyi - direktor Ülvi Həsənli və baş redaktor Sevinc Vaqifqızının həbsi ilə başlayıb. Daha sonra “Meydan TV”, “Toplum TV” və “Kanal 13” kimi platformaların jurnalistləri də saxlanılıb.

RSF-in 2025-ci il Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb.

“Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvili isə rəsmi olaraq siyasətdən çəkildiyini bəyan etsə də, hakimiyyət hələ də onun ətrafında cəmlənir.

“Onun biznes imperiyası ona həlledici təsir imkanı verir. O, “Gürcü Arzusu” partiyasını dəstəkləyən baxışları yayan “İmedi TV” və “Rustavi 2” kimi kommersiya kanallarına nəzarət edir”, – RSF qeyd edib.

Hesabatda İvanişvilinin təsiri altında Gürcüstanda media plüralizminin azaldığı, jurnalistlərə qarşı qarayaxma kampaniyaları, təqiblər və zorakı hücumların cəzasız qaldığı vurğulanır.

RSF həmçinin Gürcüstanda media meneceri Mzia Amaqlobelinin iki il həbsə məhkum edilməsini, habelə hakimiyyətin Aİ-yə inteqrasiya prosesini sabotaj etməsini, yəni, mətbuat azadlığı prinsiplərinə əməl etməməsini misal kimi göstərib.
Təşkilatın 2025-ci il Mətbuat Azadlığı İndeksinə görə, Gürcüstan 180 ölkə arasında 114-cü yerdə qərarlaşıb.

RSF-nin açıqlamasına görə, İvanişvilinin fəaliyyəti nəticəsində Gürcüstanda “söz və mətbuat azadlığı iqtisadi təsir alətinə çevrilib, müstəqil media orqanları isə ya boğulub, ya da marginallaşdırılıb”.

“Mətbuat azadlığının yırtıcıları” siyahısında həmçinin Rusiya prezidenti Vladimir Putin, Belarus lideri Aleksandr Lukaşenko, İran ali lideri Ayətullah Əli Xamenei, Macarıstanın baş naziri Viktor Orban, İsrail ordusu, eləcə də texnoloji milyarder Elon Mask yer alıb.

RSF vurğulayıb ki, bu siyahı “ictimaiyyətə söz azadlığını boğan liderləri və strukturları göstərmək, cəzasızlığa qarşı mübarizəyə diqqət çəkmək” məqsədi daşıyır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun