“Abzas Media”nın həbsdə olan jurnalisti Nərgiz Absalamova nüfuzlu “Azad Media” mükafatına layiq görülüb.
Noyabrın 6-da Almaniyanın Hamburq şəhərində təqdimetmə mərasimi keçirilib. Mükafatı “Abzas Media”nın direktoru Günel Səfərova qəbul edib.
Nərgiz Absalamova mərasimə məktub göndərib. Məktubda deyilir:
“Mən jurnalist olduğumu həbsxananın soyuq divarları arasında daha dərindən anladım.
Azadlıqda ikən peşəm sadəcə bir iş idi. İndi isə nəfəs almağın özü qədər vacib bir məsuliyyətdir.
Bu illər ərzində mənim üçün zaman dayanmadı, sadəcə daraldı. Gözlərimin önündə azad jurnalistlərin sayı hər həftə bir az da azaldı. Hər dəfə bir həmkarım həbs olunanda mənim dünyam bir az daha kiçildi, səsim bir az daha boğuldu. Və bir gün başa düşdüm: xəbərsiz qalan təkcə mən deyiləm, xəbərsiz qalan bir xalqdır.
Azərbaycanın 10 milyondan çox vətəndaşı indi öz ölkəsində susdurulmuş vəziyyətdə yaşayır. Onların dərdini deyən, səsini çatdıran jurnalistlərin çoxu indi mənim kimi beton divarların arxasındadır. Bu səssizlik, bu boğucu sakitlik hökumətin ən böyük silahıdır.
Amma mən gördüm ki, bu divarlar sözü öldürə bilmir. Biz burada, gizlincə, kağız parçalarının arxasında, qələm uclarında azadlığın nəfəsini tapdıq. Yazmağa davam etdik.
Və hər dəfə bir yazımdan sonra kimsə çöldə “sağ ol” dedi, bir problem həll olundu, bir dustağın həyatında bir dəyişiklik oldu. O zaman anladım ki, bu peşə, bu missiya hələ də yaşayır.
Təcridxananın rəisi mənə demişdi: “Nə yazsan da, heç bir şey dəyişməyəcək”. Amma mən gördüm ki, dəyişir. İnsanların üzündə qorxunun yerini ümid alır.
Jurnalistika hətta həbsxanada da azadlığın son qalasıdır. Məni səssizliyə məhkum etdilər, amma susmadım, susmayacağam. Çünki jurnalist susanda, xalq da susur”.
Mükafatı Norveçin “Fritt Ord” və Almaniyanin “Zeit Stiftung Bucerius” fondları təqdim edir.
Absalamova bu mükafata ətraf mühitin çirklənməsi, korrupsiya faktları və sosial hüquqların pozulması ilə bağlı hazırladığı videoreportaj və sənədli filmlərə görə seçilib.
2025-ci ilin laureatları arasında həmçinin gürcüstanlı jurnalist Mzia Amaqlobeli, rusiyalı jurnalist Aleksandra Astaxova, Belarusun “Belarus Araşdırma Mərkəzi”, Macarıstanın “Direkt36”, eləcə də Ukraynanın “Gwara Media” nəşrləri var.
“Abzas Media” müstəqil media orqanı olaraq ötən il də “Azad Media” mükafatına layiq görülmüşdü. Nəşrə mükafat qətiyyətli və sistemli şəkildə apardığı korrupsiya araşdırmalarına görə bu mükafata təqdim edilib.
Nərgiz Absalamova 2023-cü il noyabrın 30-da “Abzas Media”ya qarşı açılmış cinayət işi çərçivəsində həbs edilib. O, iş üzrə həbs edilən digər həmkarları kimi valyuta qaçaqmalçılığı və digər maliyyə cinayətlərində ittiham edilib. 2025-ci ilin iyunun 20-də 8 il müddətinə azadlıqdan məhrum edilib.
Yerli və beynəlxalq insan haqları təşkilatları ittihamların saxta olduğunu bildirib, Azərbaycan hakimiyyətindən jurnalistlərin azad edilməsini tələb ediblər.