“AzelTV” YouTube kanalının rəhbəri, jurnalist Əfqan Sadıqov Gürcüstanda yenidən inzibati qaydada saxlanılıb.
Bu barədə məlumatı onun həyat yoldaşı Sevinc Sadıqova yayıb. Onun sözlərinə görə, noyabrın 12-də Tbilisi Şəhər Məhkəməsində keçirilən iclasda Əfqan Sadıqova qarşı “qanunsuz olaraq yol bağlamaq” ittihamı irəli sürülüb. Məhkəmə qərarına əsasən, jurnalist 7 gün müddətinə azadlıqdan məhrum edilib.
Sadıqov oktyabrın 23-də eyni ittihamla Tbilisidə inzibati qaydada saxlanılmış və 14 sutkalıq həbs, eləcə də 270 min lari (təxminən 99 min ABŞ dolları) məbləğində cərimə ilə cəzalandırılmışdı.
Sevinc Sadıqova "Abzas Media"ya bildirib ki, bu ittihamla 55 dəfə cərimələnən jurnalistə bununla bağlı polisdən heç bir xəbərdarlıq edilməyib və yalnız məhkəməyə çıxarılanda cərimələndiyini öyrənib.
Jurnalistin xanımının sözlərinə görə, Əfqan Sadıqov 14 sutkalıq həbsdən çıxdıqdan sonra ona noyabrın 12-də eyni ittihama görə yenidən məhkəməyə gəlməsi tapşırılıb.
Sevinc Sadıqova əlavə edib ki, bu iş üzrə üç məhkəmə prosesi təyin edilib və noyabrın 12-də keçirilən iclas onlardan ikincisidir.
“Eyni ittiham olduğuna görə əslində bunlara bir yerdə də baxmaq olardı. Bundan öncə 14 sutka vermişdilər, indi də 7 sutka verdilər. Çıxandan sonra nə baş verəcək, bilmirəm. Nə baş verəcək bəlli deyil. Artıq bunu adət halına çeviriblər. Təəssüflər olsun ki, özləri necə istəyirlərsə, elə də qərar qəbul edirlər,” – Sevinc Sadıqova bildirib.
Əfqan Sadıqov 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana köçüb. O, ötən ilin iyulunda Gürcüstandan Türkiyəyə buraxılmadığını açıqlamışdı. 2024-cü il avqustun 3-də isə Azərbaycan hüquq-mühafizə orqanlarının tələbi ilə Tbilisidə saxlanılıb.
Azərbaycan tərəfi jurnalisti pul tələb etməkdə ittiham edib və onun ekstradisiyasını tələb edib. Gürcüstan hakimiyyəti isə Sadıqova siyasi sığınacaq verməkdən imtina edib. 2024-cü il noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi onun Azərbaycana təhvil verilməsi barədə qərar çıxarsa da, bu qərar icra olunmayıb.
Sadıqov ittihamları siyasi motivli və qurama adlandırıb. O, 2025-ci il aprelin 16-da təxminən səkkiz aylıq həbsdən sonra 5 min lari (təqribən 3 min manat) girov qarşılığında azadlığa buraxılıb.