“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilov Bakı İstintaq Təcridxanasına (BİT) köçürülüb. Bu barədə məlumatı onun yaxınları yayıb.
Yaxınlarının sözlərinə görə, fəal həbs müddətinin üçdə ikisini başa vurduğuna görə şərti azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. Lakin məhkəmə vəsatəti təmin etməyib. İsrafilov qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib və bu səbəbdən o, 10 saylı Cəzaçəkmə Müəssisəsindən BİT-ə köçürülüb. Şikayətə noyabrın 12-də baxılacaq.
Ailə üzvləri bildiriblər ki, Ayxan İsrafilov telefon danışığında təcridxananın qapalı rejimdə olduğunu və bunun onun səhhəti üçün əlverişli olmadığını deyib:
“İstintaq təcridxanası qapalı şəraitdədir. Bu, mənə verilən hökmə əsasən hüquq pozuntusudur”, – deyə o bildirib.
Yaxınlarının sözlərinə görə, İsrafilovun ayağında zədə var, mütəmadi idman hərəkətləri etməlidir, amma qapalı şərait buna imkan vermir. O həmçinin deyib ki, təcridxanada ailə üzvləri ilə yalnız şüşə arxasından görüşə icazə verilir. İsrafilovun saxlanıldığı 10 kvadratmetrlik kamerada 6 nəfər qalır.
Qanun nə deyir?
Cəzaların İcrası Məcəlləsinin 69-1-ci maddəsinin 1-ci bəndinə əsasən, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum edilən məhkumlar yalnız məhkəmənin qərarı ilə iki aydan çox olmayan müddətə istintaq təcridxanasına keçirilə bilərlər. Zəruri hallarda bu müddət dörd aya qədər uzadıla bilər.
Eyni maddənin 2-ci bəndinə görə, cəzaçəkmə müəssisəsindən təcridxanaya keçirilən şəxslərin saxlanma şərtləri həmin yerin rejiminə uyğun müəyyən edilir. Bu halda məhkumlara uzunmüddətli görüşlər əvəzinə qısa görüş, telefon danışığı və ya videogörüş təklif oluna bilər.
Hüquqşünas Ruslan Əliyev “Abzas Media”ya bildirib ki, Ayxan İsrafilovun təcridxanaya köçürülməsi ilə bağlı qanunda dəqiq əsas yoxdur:
“Məhbusun rejimini yalnız hökm müəyyənləşdirir. Qanuna görə, bu tip qərarları yalnız məhkəmə verə bilər. Penitensiar Xidmət və ya prokurorluq buna qərar verə bilməz. Rejimin və saxlanma yerinin dəyişdirilməsi yalnız hakimin səlahiyyətindədir”.
O əlavə edib ki, məhbuslar müxtəlif səbəblərlə məhkəmələrə şikayət edə bilər, məsələn, işgəncələr, vəkillə görüşə icazə verilməməsi və ya müəssisə rəhbərliyindən narazılıq kimi hallar.
“Əgər hər belə halda məhbusu təcridxanaya köçürmək qərara alınsa, deməli, bu adamlar hər dəfə müəssisədən çıxarılıb müxtəlif təcridxanalara aparılmalıdır. Bu isə qanuna ziddir,” – deyə hüquqşünas bildirib.
Ayxan İsrafilov 2023-cü ilin avqustunda saxlanılıb. Əvvəlcə ona Cinayət Məcəlləsinin 234-cü maddəsinin ağır bəndləri ilə ittiham irəli sürülüb, lakin sonradan iş 234.1.1-ci maddə – satış məqsədi olmadan xeyli miqdarda narkotik əldə etmə və saxlama – ilə tövsif edilib. O, ittihamı qəbul etmir və həbsi ictimai fəaliyyəti ilə əlaqələndirir.
2024-cü il aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi İsrafilovu 3 il azadlıqdan məhrum edib.
“İşçi Masası” təşkilatı kuryerlərin hüquqlarının müdafiəsi ilə bağlı kampaniyalar və aksiyalar keçirən müstəqil birlikdir. Eyni dövrdə təşkilatın sədri Afiəddin Məmmədov, üzvlər Elvin Mustafayev və Möhyəddin Orucov da müxtəlif ittihamlarla həbs olunublar. Hüquq müdafiə təşkilatları onların hamısını siyasi məhbus hesab edir.
Foto: sosial media