Hafiz Babalı saxlanıldığı 2 saylı CÇM-də hüquqlarının kobud şəkildə məhdudlaşdırıldığını bildirir

Hafiz Babalı saxlanıldığı 2 saylı CÇM-də hüquqlarının kobud şəkildə məhdudlaşdırıldığını bildirir
24 Noyabr 2025
Mətni dəyiş

“Abzas Media işi” üzrə 9 il azadlıqdan məhrum edilən araşdırmaçı jurnalist Hafiz Babalı hüquqlarının pozulduğunu bildirərək ədliyyə naziri Fərid Əhmədov və İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyevaya müraciət edib. Müraciət onun “Facebook” hesabında paylaşılıb.

Hafiz Babalının sözlərinə görə, hökumətyönlü media orqanları, o cümlədən bir sıra televiziya kanalları ona qarşı qarayaxma kampaniyası aparır. Bununla əlaqədar o, həm mülki qaydada, həm də xüsusi ittihamçı qismində məhkəmələrə müraciət edərək şərəf və ləyaqətinin müdafiəsini tələb etdiyini bildirib:

“Şərəf və ləyaqətimin, işgüzar nüfuzumun müdafiəsi məqsədilə mülki iddialarla yanaşı, böhtana yol vermiş media orqanlarının vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb olunması üçün xüsusi ittihamçı kimi yerli məhkəmələrə müraciət etmək hüququmdan istifadə edirəm”.

Lakin jurnalist bildirir ki, noyabrın 6-dan etibarən 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi onun məhkəmələrə göndərmək istədiyi şikayət ərizələrini səbəbsiz olaraq poçt vasitəsilə göndərmir:

“Şikayət ərizələri mənə məlum olmayan səbəblərdən 2 saylı CÇM-in rəhbərliyi tərəfindən aidiyyəti üzrə məhkəmələrə göndərilmir. Müəssisə müdiriyyəti hüquqlarımı kobud şəkildə məhdudlaşdıran bu hərəkətsizliyini heç bir qanuni əsasla izah edə bilmir”.

Babalının sözlərinə görə, bəzi media subyektləri onu “qanunsuz maliyyələşdirilmə”, “sifarişli məqalələr yazmaq”, “qaçaq yollarla xaricdən valyuta gətirmək” və “əks-dövlət fəaliyyəti” kimi ağır cinayətlərdə əsassız ittiham edib. O, həmin media qurumlarının vəzifəli şəxslərinin bu iddiaları məhkəmədə sübut etməli olduğunu bildirir:

“Məni ağır cinayət əməllərində ittiham edən media subyektlərinin vəzifəli şəxsləri bu ittihamları hakim qarşısında sübut etməlidirlər, əks halda onlar layiq olduqları cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Elə isə Penitensiar Xidmət Femidaya niyə mane olur?”

Müraciətdə qeyd olunur ki, Hafiz Babalı noyabrın 21-də ərizələrinin geri qaytarılması üçün müəssisə rəhbərliyinə rəsmi müraciət edib.

Hafiz Babalı 2023-cü ilin dekabrında “Abzas Media işi” çərçivəsində saxlanılıb. Bu iş üzrə onunla birgə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs edilmişdi.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəni 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovanı 8 il, Məhəmməd Kekalovu isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Beynəlxalq media və insan haqları təşkilatları bu işi “Azərbaycanda azad medianın susdurulmasına yönəlmiş kampaniyanın bir hissəsi” kimi qiymətləndirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun