Hafiz Babalı: “Əlillik pensiyam mənim yeganə yaşayış mənbəyimdir, amma artıq bir ildən artıqdır ki, bloklanıb”

Hafiz Babalı: “Əlillik pensiyam mənim yeganə yaşayış mənbəyimdir, amma artıq bir ildən artıqdır ki, bloklanıb” Foto: Sosial Media
3 Noyabr 2025
Mətni dəyiş

“Abzas Media işi” çərçivəsində 9 il azadlıqdan məhrum edilən araşdırmaçı jurnalist Hafiz Babalı Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi əlillik pensiyasına qoyulan blokun götürülməsini tələb edir.

Həbsdə olan jurnalistin “Facebook” hesabında bu barədə məlumat paylaşılıb. Hafiz Babalı paylaşımında bildirib ki, qanunsuz olaraq onun bütün bank hesablarına, o cümlədən pensiya hesabına da həbs qoyulub:

“Həbs olunduğum zaman bütün bank hesablarıma, o cümlədən pensiya hesabıma da həbs qoyuldu. Halbuki qanunvericiliyə görə pensiya hesablarına həbs qoymaq yolverilməzdir, çünki bu vəsaitlər yalnız Dövlət Sosial Müdafiə Fondu vasitəsilə idarə olunur və şəxsin minimum yaşayışını təmin edən mənbə hesab olunur”.

Babalının sözlərinə görə, məhkəmə qərarında bu istisna nəzərə alınmadığı üçün pensiya hesabı bir ildən artıqdır ki, bloklanmış vəziyyətdə qalır.

“Oktyabrın 14-də vəkilim vasitəsilə həm Bakı Ağır Cinayətlər Məhkəməsinə, həm də Bakı Apellyasiya Məhkəməsinə hesabın açılması ilə bağlı rəsmi ərizə təqdim olunub. Lakin bu günə qədər heç bir cavab və ya addım atılmayıb”.

O bildirir ki, əlillik pensiyası yalnız sosial müdafiə məqsədilə təyin olunur və hazırda onun yeganə yaşayış mənbəyidir.

“Qanunvericiliyə əsasən, əlillik pensiyası yalnız sosial müdafiə məqsədilə təyin olunur və həmin vəsait mənim bu gün üçün yeganə yaşayış mənbəyim sayılır. Bu səbəbdən pensiya hesabım üzərindəki həbsi aradan qaldırmaq üçün məhkəmələrdən və aidiyyəti qurumlardan qanuna uyğun qərar verilməsini gözləyirəm”.

Hafiz Babalı 2023-cü ilin dekabrında “Abzas Media işi” çərçivəsində həbs olunub. Onunla birlikdə bu iş üzrə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə saxlanılıblar.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxararaq Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəyə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovaya 8 il, Məhəmməd Kekalova isə 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verib.

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Beynəlxalq media və insan haqları təşkilatları bu həbsləri Azərbaycanda azad medianın susdurulmasına yönəlmiş kampaniyanın tərkib hissəsi kimi qiymətləndiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun