“Abzas Media işi” çərçivəsində 9 il azadlıqdan məhrum edilən araşdırmaçı jurnalist Hafiz Babalı ictimaiyyətə müraciət yayıb. Müraciət jurnalistin “Facebook” hesabında dərc olunub.
Babalı müraciətində mediada ona qarşı aparılan qarayaxma kampaniyasına, məhkəmə proseslərinə və hüquqlarının pozulmasına geniş toxunub:
“Peşəkar jurnalist fəaliyyətinə, şəxsiyyətinə ləkə yaxmağa cəhd edən mediadakı muzdlu sifariş icraçılarına – mətbuat siçovullarına qarşı məhkəmə çəkişmələri, az qala, iki ildir davam edir.
Düzdür, məhkəmə iclasında şəxsən iştirak hüququm təmin edilmir və hələ ki, mülki iddia ərizələrim, apellyasiya və kassasiya şikayətlərim rədd olunur, lakin özümü mənəvi tərəfdən qalib durumda hiss edirəm: məhkəmələr siyasi sifarişə boyun əyməli, dövlət adından qanunsuz və ədalətsiz qərar çıxarmalı olurlar. Mənim silahım isə daha uzaqvurandır - qanun və həqiqət”.
Jurnalist qeyd edib ki, “Qafqazinfo” nəşrinə və “Baku TV” telekanalına qarşı qaldırdığı mülki iddialar təmin olunmayıb:
“Bu yaxınlarda “Qafqazinfo.az” MMC-yə qarşı Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayətim və “Baku.tv” telekanalına qarşı eyni xarakterli iddia ərizəm təmin edilmədi. Məndən üzr istənilməsi, təkzib verilməsi və mənəvi zərərə görə kompensasiya ödənilməsi tələblərim əsassız olaraq rədd edildi. Bu proseslər yuxarı instansiyalar və Avropa Məhkəməsinədək davam etdiriləcək”.
Babalı bildirib ki, bundan sonra mediada ona qarşı böhtan və təhqir yazan KİV-lərin cinayət məsuliyyətinə cəlb olunması üçün birbaşa məhkəmələrə müraciət edir:
“İndiyədək “Qafqazinfo.az” MMC-nin direktoru Elbrus Seyfullayevin və “Baku TV” MMC-nin direktoru Ramin Cəfərovun barəsində şikayət ərizələrimi Nərimanov RM və Nəsimi RM-ə göndərilmək üçün həbsxana müdiriyyətinə təqdim etmişəm. Lakin hələ ki, ərizələrin poçt vasitəsilə çatdırılmasını təsdiq edən qəbzlər mənə verilməyib”.
Müraciətin sonunda jurnalist ona qarşı yönələn kampaniyaya sərt reaksiya göstərib:
“Beləliklə, qələminə xəyanət etməyən, hazırda qanunsuz həbs olunaraq məhkum həyatı yaşamağa məcbur edilən mübariz jurnalisti öz cızmaqaraları ilə gözdən salmağa çalışan qələm dəllallarının, telekanalizasiya “prorab”larının isə gözünün içinə dik baxıb deyirəm: “Mənə atdığınız o daşlar bumeranq kimi qayıdıb həm sizin, həm də ‘gizli’ himayəçilərinizin başına dəyəcək””.
Hafiz Babalı 2023-cü ilin dekabrında “Abzas Media işi” çərçivəsində həbs olunub. Bu iş üzrə onunla birlikdə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə saxlanılıb.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxararaq Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəyə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovaya 8 il, Məhəmməd Kekalova isə 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verib.
Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Beynəlxalq media və insan haqları təşkilatları bu işi Azərbaycanda azad medianın susdurulmasına yönəlmiş kampaniyanın bir hissəsi kimi qiymətləndirir.