Gələn il Kino Agentliyinə dövlət büdcəsindən vəsait ayrılmır, narazılıq yaranıb

Gələn il Kino Agentliyinə dövlət büdcəsindən vəsait ayrılmır, narazılıq yaranıb
12 Noyabr 2025
Mətni dəyiş

Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) 2026-cı il üçün dövlət büdcəsindən vəsait ayrılmaması mədəniyyət ictimaiyyətində narazılığa səbəb olub.

Maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, bu il Kino Agentliyinə 8,5 milyon manat vəsait ayrılıb, lakin həmin məbləğin yalnız 41 faizi - 3,5 milyon manatı xərclənib.

“Hazırda 5 milyon manat istifadə olunmamış vəsait qalıb. Ümumilikdə, 2025-ci ilin əvvəlinə Kino Agentliyinin sərəncamında 11,5 milyon manat istifadə olunmamış vəsait olacaq. Buna görə hesab edirik ki, qurumun mövcud ehtiyatları növbəti il üçün xərcləri qarşılamağa kifayət edəcək”, - deyə nazir müavini bildirib.

Lakin bu mövqeni mədəniyyət nümayəndələri birmənalı qarşılamayıb. Mədəniyyət nazirinin müavini Fərid Cəfərov vurğulayıb ki, kino sənayesinin inkişafı dövlətin diqqət mərkəzində olmalı və maliyyə dəstəyi davam etməlidir.

“Son iki ildə ölkəmizdə 71 film istehsalına başlanıb, onlardan 50-si artıq tamamlanıb. 15 film Vətən müharibəsinə həsr olunub, 5 filmin çəkilişi isə davam edir. Son 5 ildə 30-a yaxın filmimiz beynəlxalq festivallarda iştirak edib. Hazırda 7 animasiya filmi üzərində iş gedir, tarixi filmlərin çəkilişi üçün Türkiyədəki istehsal poliqonları öyrənilir. Xarici film istehsalçılarının layihələrinə çəkilən xərclərin 40 faizi Azərbaycan dövləti tərəfindən qarşılanır. Buna görə də Kino Agentliyinə maliyyə təminatının davam etdirilməsi zəruridir”, — deyə Cəfərov bildirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu da məsələ ilə bağlı narahatlığını ifadə edib.

“Gələn il kinoya vəsait ayrılmaması ciddi problemdir. Kino sahəsində maliyyə dəstəyi kəsilərsə, bu sahədə çalışan mütəxəssislər iş yerlərini tərk edəcək, gələcəkdə Azərbaycan kinosunun inkişafı dayanacaq”, - deyə o bildirib.

Komitə sədri əlavə edib ki, mədəniyyət sahəsinə ayrılan vəsait heç vaxt kifayət qədər olmur: 

“Abidələrin bərpası və restavrasiyası ilə Mədəniyyət Nazirliyi məşğuldur, lakin kinoya ayrılan vəsaitin kəsilməsi yolverilməzdir”.

Milli Məclisin sədr müavini Rəfael Hüseynov da həmkarının fikrini dəstəkləyib və Azərbaycan kinosunun inkişafı üçün əlavə təşviq mexanizmlərinin yaradılmasının vacibliyini vurğulayıb:

“XX əsrin ortalarında Azərbaycan kinosu böyük nailiyyətlər əldə edib. Bu ənənə qorunmalıdır. Kino xadimlərinə güzəştlər, avadanlıqların idxalında vergi yüngüllükləri və digər imtiyazlar verilməlidir”, - deyə Rəfael Hüseynov qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun