Noyabrın 5-də Ali Məhkəmədə üç ilə yaxındır həbsdə olan ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
“Azadlıq Radiosu”nun məlumatına görə, hakim Ələsgər Novruzovun sədrlik etdiyi iclasda çıxış edən Bəxtiyar Hacıyev bildirib ki, o, sifarişlə həbs olunub. Fəal qeyd edib ki, əvvəlcə ona qarşı “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” ittihamları irəli sürülsə də, daha ağır cəza vermək məqsədilə istintaq zamanı əlavə maddələr – o cümlədən Cinayət Məcəlləsinin 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddəsi əlavə olunub.
“Mən Apellyasiya Məhkəməsində çıxış etmədim, çünki oradan ədalət gözləmirdim. Amma Ali Məhkəmədən, tam olmasa da, müəyyən gözləntim var”, – deyə Bəxtiyar Hacıyev vurğulayıb.
Onun vəkili Elçin Sadıqov isə çıxışında aşağı instansiya məhkəmələrinin qərəzli qərarlar qəbul etdiyini bildirib. Vəkil qeyd edib ki, müvəkkilinin işinə obyektiv baxılması üçün Bakı Ağır Cinayətlər və Bakı Apellyasiya məhkəmələrinə 70-dən çox vəsatət təqdim edilib, lakin heç biri təmin olunmayıb:
“Əgər o vəsatətlər araşdırılsaydı, Bəxtiyar Hacıyevin təqsirsizliyi sübut olunardı”.
Həm Bəxtiyar Hacıyev, həm də onun vəkili çıxışlarının sonunda Ali Məhkəmədən bəraət qərarı çıxarılmasını xahiş ediblər.
Məhkəmədə iştirak edən Dövlət Vergi Xidmətinin nümayəndəsi bildirib ki, qurumun 52 min manatlıq mülki iddiası əvvəlki məhkəmə qərarlarında təmin edilib və bu hissədə kassasiya şikayətinin təmin edilməməsini istəyib.
Prokuror da çıxışında Hacıyevin şikayətinin əsassız olduğunu bildirərək, Bakı Ağır Cinayətlər və Bakı Apellyasiya məhkəmələrinin qərarlarının qüvvədə saxlanılmasını tələb edib.
Hakimlər kollegiyası əlavə dəlillərin araşdırılmasına qərar verib. Ali Məhkəmənin yekun qərarı noyabrın 18-də açıqlanacaq.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” ittihamları ilə saxlanılıb, 2024-cü ilin yanvarında isə 10 il azadlıqdan məhrum edilib. O, həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 213.1 (vergidən yayınma) və 320 (saxta sənədlərdən istifadə) maddələri ilə də ittiham olunur.
Bəxtiyar Hacıyev ittihamları qəbul etmir, həbsi və irəli sürülən ittihamları siyasi fəaliyyəti ilə əlaqələndirir. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da onun həbsi ilə bağlı qərarları siyasi motivli hesab edirlər.