Noyabrın 5-i, gecə saatlarında Bakının Bəşir Səfəroğlu küçəsində 2006-cı il təvəllüdlü Yasin İbadov bıçaqlanaraq qətlə yetirilib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Onun LGBTQ+ olduğu və “Rüzgar” adı ilə tanındığı bildirilir.
Hökumətyönlü mediada yayılan məlumatlara görə, hadisəni törətməkdə mərhumun əmisi — 1987-ci il təvəllüdlü Babək İbadov şübhəli bilinir və artıq saxlanılıb. Onun əvvəllər məhkum olunduğu və qətli əvvəlcədən planlaşdırdığı iddia olunur.
“Meydan TV”nin əldə etdiyi məlumata əsasən, Yasin İbadov Şamaxı rayonundandır. O, bir müddət Türkiyədə yaşayıb, lakin oturum müddəti başa çatdıqdan sonra Azərbaycana qayıdıb. Məlumata görə, əmisi oğlu onu Türkiyədə olduğu vaxtdan bəri təhdid edirmiş.
Şahidlərin sözlərinə görə, hadisə baş verən zaman ətrafdakı şəxslər müdaxilə etməyib. Polis isə yalnız Babək İbadovun özü hadisə barədə məlumat verdikdən sonra əraziyə gəlib. Yaralıya ilkin tibbi yardımın da vaxtında göstərilmədiyi iddia olunur.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğu araşdırma aparır.
Azərbaycanda zaman-zaman cəmiyyətin həssas qruplarına, xüsusilə də LGBTQ+lara qarşı diskriminasiya, qısnama və zorakılıq halları müşahidə olunur və bu hallar son illərdə artmaqda davam edir.