Bu gün insanlar “siyasətə qarışmıram” deyərək azadlıqlarını qoruduqlarını düşünürlər, halbuki bu laqeydlik qapanmanın ən güclü dayağına çevrilir
Azərbaycanda 2023-cü ilin sonlarından etibarən jurnalistlərin kütləvi həbsi, müstəqil media orqanlarının bağlanması və vətəndaş cəmiyyətinə qarşı hücumlar nə birincidir, nə də dəyişməz idarəetmədə sonuncu olacaq. Davam edən sistematik təzyiqlər ölkəni getdikcə daha çox qapalı rejimə doğru aparır. Bu, həm də növbəli şəkildə dünya ilə əlaqəni kəsməyə hazırlıq deməkdir.
Son illərin mənzərəsi göstərir ki, ölkədə tənqidi səslərə qarşı təzyiqlər artıq sistemli xarakter alıb və bu proses həm medianı, həm də vətəndaş cəmiyyətini əhatə edir. Azərbaycan zahirdə süni açıqlıq və “görkəmli” beynəlxalq imic nümayiş etdirsə də, əslində getdikcə qapalı bir ölkəyə çevrilir. Bu isə həm daxildə, həm də xaricdə Azərbaycan haqqında ikili təsəvvürlər yaradır. Təsəvvüründə çaşqınlıq yaranan vətəndaşlar isə getdikcə baş verənləri dərk etmədən təslimiyyət və “hər şeyin normal olduğu” düşüncəsinə alışırlar. Buna görə də düşünürəm ki, bu proses digər oxşar yolu keçmiş ölkələrlə müqayisədə Azərbaycanda daha ağrılı olacaq və vətəndaşlar üçün dözülməz nəticələrə gətirib çıxaracaq.
Hazırda Azərbaycanın beynəlxalq aləmə təqdim edilən obrazı ilə real vəziyyəti arasında ciddi fərq mövcuddur. Avropa Şurasının İnsan Haqları Komissarı 2025-ci ilin yayında Bakıda jurnalistlərə verilən yeddi-doqquz illik həbs cəzalarını “ifadə azadlığına qarşı sərt zərbə” adlandırıb və onların azadlığa buraxılmasını tələb edib.
Əvvəllər jurnalistlər, siyasətçilər və aktivistlər vətəndaş fəaliyyətlərinə görə həbs olunanda həm beynəlxalq təşkilatlar, həm də ölkə daxilində etiraz səsləri eşidilirdi. Zamanla müxalifət və müxalif partiyalar demək olar ki, sıradan çıxarıldı, aktivistlər müxtəlif yollarla susduruldu, QHT-lərin səsi boğuldu və həbs dalğaları onlara da ciddi zərbələr vurdu. Daha sonra hədəf müstəqil media və jurnalistlər oldu.
Bu proseslə paralel olaraq ölkə turizm məkanı kimi reklam edildi, xarici siyasətdə atılan addımlar isə güclü və demokratik dövlət imici yaratmaq məqsədi daşıdı.
Həbslər və təqiblər əhaliyə ciddi mesaj ötürür, lakin böyük əksəriyyət ya düzgün məlumat ala bilmir, ya da sadəcə maraqlanmır. Gündəlik həyat qayğıları ilə yaşayan insanlar üçün bu məsələləri təhlil etmək çətindir. Maddi vəziyyəti yaxşı olanlar da, kasıb olanlar da açıq danışmaqdan çəkinirlər, çünki hər birinin fərqli qorxuları var.
Proseslərin başlanğıc nöqtəsi pandemiyadan sonra quru sərhədlərin illərlə bağlı saxlanılması oldu. Bu, əslində bir test idi. Nəticədə Azərbaycan vətəndaşları beş ildən çoxdur ki, bağlı quru sərhədlər və yüksək aviabilet qiymətləri ilə yaşayır. Turizm imici isə qapalı rejimi ört-basdır etmək üçün istifadə olunur. Beş il heç bir ciddi səbəb olmadan quru sərhədlərin bağlı qalması və bu vəziyyətin səssiz qarşılanması artıq faciədir.
Hazırda “icazəli media”nın yaradılması, müstəqil jurnalistlərin həbsi və müstəqil mediaların bağlanması səbəbindən ədalətsiz məhkəmə sistemi və güc strukturlarının fəaliyyəti üzərində ciddi araşdırma aparmaq mümkünsüzdür.
İctimai fəalların və ya jurnalistlərin şərlənərək həbs olunması ilə yanaşı, ümumilikdə “şərlənib həbs olunmaq” və “rüşvət mexanizminin qurbanı olmaq” adi vətəndaşların da gündəlik reallığına çevrilib. Belə halların miqyası barədə real statistika yoxdur. Eyni zamanda, həbs olunan vətəndaşların nə qədəri ədalətli qərarlarla qarşılaşıb, nə qədəri qurama işlər nəticəsində həbs edilib — bilinmir. Bu bilinmədikcə və susulduqca Azərbaycan tamamilə qapalı ölkə modelinə keçəcək.
Bu vəziyyət insanların “şərlənmək” ehtimalını normal qəbul etməsinə, cəmiyyətin qorxu içində yaşamasına, susqun və passiv olmasına gətirib çıxarıb.
Bir zamanlar parlamentdə “Parlament siyasət yeri deyil” ifadəsi işlədilirdi. İndi isə “Mən siyasətə qarışmıram” sözünü “şərlənməyə qarışmıram” əvəz edib. İnsanlar gündəlik həyatlarını yalnız şərlənmək və yersiz həbs qorxusu ilə yaşayırlar, amma baş verənlərin miqyasını tam dərk etmirlər. Nəticədə yalnız rəsmi təbliğat vasitəsilə yayılan “güclü dövlət”, “ədalətli cəmiyyət”, “beynəlxalq nüfuz” kimi nağıllar qalır.
Azərbaycan necə və nə vaxt qapalı ölkə modelinə keçidin astanasına gəldi? Müqayisə üçün deyək ki, digər ölkələrdə bəzən müəyyən müsbət addımlar atılsa da, Azərbaycanda jurnalistlər və fəallara qarşı daha sərt tədbirlər görülüb. Belarusda bəzi siyasi məhbusların azad edilməsi müşahidə olunsa da, repressiyalar davam edir. Azərbaycanda isə jurnalistlər və müxalif fəallar uzunmüddətli həbs cəzalarına məhkum edilir, müstəqil medianın fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılır və bütün bunlara qarşı səslənən tənqidlərə baxmayaraq, hər hansı kiçik islahat əvəzinə daha böyük həbs dalğaları baş verir.
Ümumilikdə, hər iki ölkədə söz və ifadə azadlığına təzyiqlər mövcuddur, lakin Azərbaycanda hələ ki, heç bir müsbət addım görünmür. Azərbaycan turizm ölkəsi kimi təqdim olunsa da, əslində bu sahədə də real addımlar atılmır. Əksinə, “turizm imici” qapalı ölkə rejimini gizlətmək üçün istifadə olunur.
Bəlkə də vəziyyəti aydın dərk etməyi xalq özü bacarar. İnsanlar artıq qapalı ölkələrdə baş verənləri, orada vətəndaşlara necə zülm edildiyini, insanların bir-birinə qarşı necə düşmənə çevrildiyini bilirlər. Əgər tam qapalı ölkəyə çevrilmək yolunda irəlilədiklərini aydın görsələr, gələcəklərini də təsəvvür edə bilərlər. Hələ avtoritarizmdən tam qapanmaya gedən yolun başlanğıcındayıq. Lakin unudulmamalıdır ki, “inkişaf modeli” nağıllarının ləng hərəkətinə baxmayaraq, “qapanma modeli” daxildən sürətlə inkişaf edən bir prosesdir və bunun qarşısı indi alınmasa, sonra çox gec ola bilər.
Həbs olunan jurnalistlərin yerinə bəlkə vətəndaş jurnalistikası formalaşa bilər. Amma siyasi partiyaların fəaliyyəti bu qədər dərin şəkildə sıradan çıxarıldığı üçün insanlar “siyasətə qarışmağın” qorxulu olduğunu düşünürlər. Halbuki hər şeyə bu qədər biganə qalmaq daha faciəvi nəticələrə səbəb ola bilər. Azərbaycan cəmiyyətində Şimali Koreya və Türkmənistan kimi ölkələrdə baş verənlərə münasibət məlumdur. İndi vətəndaşlar fərqinə varmalıdırlar ki, Azərbaycanda daha fərqli, daha “nağılvarı” və çaşdırıcı addımlarla qapalı ölkə modeli qurulur. Bu keçidlər insanlarda illüziya yarada bilər. Beynəlxalq münasibətlər hansı tərzdə olmasından asılı olmayaraq, vətəndaşın həqiqəti dərk etmə qabiliyyəti itəndən sonra heç nəyin nəticəsi olmur. Buna görə də yazının əvvəlində qeyd etdiyim kimi, Azərbaycanın bu yolu vətəndaşlar üçün daha ağrılı olacaq.
Bütöv bir ölkədə siyasətə qarışan və ya qarışmayan az qala hər kəs saxlanılma, təhdid olunma və şərlənmə ehtimalını ağlının bir küncündə saxlayır. Bütün bunlara baxmayaraq, ölkənin bu gününü dilə gətirənlərin həbsi barədə çoxları məlumatsız qalır. Hətta böyük əksəriyyət baş verənlərə haqq qazandırır. Eyni zamanda, Azərbaycanın keçmiş illərlə müqayisədə daha inkişaf etmiş, güclü və demokratik ölkə olduğu barədə aparılan təbliğata inanılır.
Bu vəziyyətin nə qədər ağrılı nəticələrə gətirib çıxara biləcəyini təxmin etmək çətin deyil. Hazırda qapanma prosesi davam edir, lakin bununla paralel şəkildə “inkişaf” və “beynəlxalq güc” təbliğatı da aparılır.
Son illərdə Azərbaycanda müstəqil media orqanlarına qarşı həyata keçirilən təzyiqlər və həbslər ölkənin mətbuat azadlığı sahəsində ciddi geriləməsini göstərir. Bu gedişatın sonunu anlamaq üçün bir neçə nümunəyə baxmaq kifayətdir. Qapanma modelinin artıq kök saldığı ölkələr – Türkmənistan və Şimali Koreya – bu mənada ən real nümunələrdir. Hər iki ölkədə baş verənlər göstərir ki, “qapanma” sabitlik, təhlükəsizlik, inkişaf və xoşbəxtlik şüarları altında bütöv cəmiyyəti bürüyür və ağır nəticələrə gətirib çıxarır.
Məsələn, Türkmənistanda dövlətin yaratdığı xoşbəxtlik görüntüsü var, amma arxasında reallıq tamam fərqlidir. İnternetə çıxış məhduddur, müstəqil media yoxdur, xaricə çıxmaq üçün icazə tələb olunur və bu, böyük əksəriyyət üçün, demək olar ki, mümkünsüzdür. İnsanlar açıq danışmaqdan qorxur, çünki bir fərqli söz belə bəzən iş, azadlıq, hətta ailə itkisinə səbəb ola bilər. Bu vəziyyət illərlə cəmiyyətin həyatına hopub və insanlar artıq susqunluğu “sabitlik” kimi qəbul edirlər. Şimali Koreyada isə bu prosesin artıq son mərhələsi görünür: vətəndaş təkcə azad danışmaq imkanını deyil, həm də azad düşünmək vərdişini itirib. Xarici xəbərlər, azad fikir, alternativ baxış yoxdur. İnsanlar yalnız dövlətin icazə verdiyi məlumatlarla yaşayır. Hətta yayılan məlumatlara görə, vəziyyət o qədər qəlizləşib ki, vətəndaşların nə geyinəcəyinə, hansı musiqini dinləyəcəyinə qədər hər şey mərkəzdən idarə olunur. Bu cür sistemdə fərdi düşüncə ya itir, ya da təhlükə sayılır.
Azərbaycanda da oxşar meyllər artıq görünür. Sərhədlərin illərlə bağlı qalması, müstəqil medianın susdurulması, siyasi məhbusların sayının artması, cəmiyyətin qorxu və biganəlik arasında sıxışması bunun göstəriciləridir. Bütün bunlar həmin yolların başlanğıcını xatırladır. Bu gün insanlar “siyasətə qarışmıram” deyərək azadlıqlarını qoruduqlarını düşünürlər, halbuki bu laqeydlik qapanmanın ən güclü dayağına çevrilir.
Qapanma prosesi bir gün qəfil başlamır, amma bir gün qəfil tamamlanır. O zaman artıq danışmaq, mübahisə etmək, seçim etmək bəlkə də mümkün olmur. Qapanmanın ən ağrılı mərhələsi insanların hər şeyi normal hesab etməyə başlamasıdır.