Noyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru, siyasətçi Azər Qasımlıya açılan cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
“Toplum TV”nin məlumatına görə, bu dəfə zərərçəkən kimi tanınan və Azər Qasımlını hədə-qorxu gəlməkdə ittiham edən Qurbanəli Yusifovun anası Səlminə Yusifova şahid qismində ifadə verib.
Yusifova məhkəmədə bildirib ki, oğlu Azər Qasımlıya borcu olduğunu etiraf edib:
“Oğlum mənə telefonda dedi ki, Azər Qasımlıya borcu var, amma borcu qaytarmayacaq. Mingəçevir məhkəməsinin qərarından sonra həyat yoldaşım mənə dedi ki, evi bizə satdıracaqlar”.
Onun sözlərinə görə, Azər Qasımlını yalnız Mingəçevir məhkəməsində tanıyıb və oğlunun 45 min ABŞ dolları məbləğində borcu olduğunu da həmin prosesdə öyrənib. Dövlət ittihamçısının sualını cavablandıran şahid ibtidai istintaqda verdiyi ifadəni təsdiqləyib.
Hakim və prokuror xatırladıb ki, Səlminə Yusifova istintaqa ifadəsində Azər Qasımlının oğlunu təhdid etdiyini deyib. Hakimin bu barədə sualına cavabında şahid yenə ailə üzvlərindən eşitdiyi məlumatlara istinad edib:
“Həyat yoldaşımdan Azər Qasımlının bizim evi satdıracağını eşitmişəm”.
Hakim isə buna reaksiya olaraq bildirib: “Bu, heç, deyəsən, təhdid sözünün mənasını bilmir”.
Daha sonra Azər Qasımlının vəkili Rövşanə Rəhimova şahiddən oğlunun borcu barədə nə vaxt xəbər tutduğunu soruşub. Səlminə Yusifova deyib ki, bunu 2024-cü ilin aprelində Mingəçevir məhkəməsində öyrənib. Vəkil xatırladıb ki, şahidin istintaqdakı ifadəsində bu məlumatı 2023-cü ilin payızında oğlundan eşitdiyi qeyd edilib.
Azər Qasımlı da şahidə sual verib:
“Mənim sizin oğlunuzu təhdid etdiyimi görmüsünüzmü?”
Səlminə Yusifova cavabında bunu görmədiyini deyib. Təqsirləndirilənin növbəti sualına isə belə cavab verib ki, bu barədə həyat yoldaşından, həyat yoldaşı isə oğlundan eşidib.
Bununla prosesdə şahidlərin dindirilməsi başa çatıb. Vəkil Rövşanə Rəhimova diqqətə çatdırıb ki, ittiham tərəfinin tələbiylə dindirilən şahidlərin heç biri faktiki olaraq hadisənin şahidi deyil:
“Heç kim Azər Qasımlının Qurbanəli Yusifovu təhdid etdiyini gördüyünü deməyib”.
Vəkil bu şahid ifadələrinin sənədlər siyahısından çıxarılması barədə vəsatət qaldırmaq istəsə də, hakim “buna vaxt olmadığını” bildirib.
Növbəti məhkəmə iclası dekabrın 10-na təyin edilib.
Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb və Cinayət Məcəlləsinin 182.2.3-cü (zor tətbiqi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. O, ittihamı siyasi sifariş adlandırır.
Qasımlı daha əvvəl 2018-ci ildə Bakıda keçirilən etiraz aksiyasına rəhbərlik etdiyinə görə 30 sutka inzibati həbs cəzası almışdı. Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycanda 392 siyasi məhbus var.
Foto: Amerikanın Səsi