Noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru, siyasətçi Azər Qasımlının işi üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesə hakim Telman Hüseynov sədrlik edib.
Məhkəmə iclası şahid ifadələri ilə davam edib.
İlk olaraq müdafiə tərəfinin şahidi Nəriman İsmayıl dindirilib. O bildirib ki, zərərçəkmiş kimi tanınan Qurbanəli Yusifov Azər Qasımlının ofisinə tez-tez gəlib-gedirmiş və onların münasibətində gərginlik müşahidə etməyib.
İş materiallarında Yusifovun Qasımlıya borclu olduğunu göstərən qəbz yer alıb. Həmin sənəddə borcun məbləği və ödəniş cədvəli göstərilib. Qurbanəli Yusifov qəbzi imzalayaraq borcu hissə-hissə ödəməyə razılıq verib. Sənəd Azər Qasımlının ofisində saxlanılıb.
Şahid Nəriman İsmayıl ifadəsində deyib ki, sənədin imzalandığı gün ofisdə olub, lakin imzalanan sənədin məzmunu ilə maraqlanmayıb:
“Azər Qasımlı sənədi mənə verib, iki nüsxə çıxarmağımı istədi. Mən də etdim. Heç bir səs-küy və ya gərginlik yox idi”.
Qurbanəli Yusifov isə əvvəlki məhkəmədə qəbzi təzyiq altında imzaladığını və həmin vaxt orada şahid olmadığını demişdi. Lakin bu dəfə o, şahidə müraciət edərək:
“Sənin yadından çıxıb ki, qəbz imzalanandan sonra birlikdə şaurma yedik?” – deyə sual verib.
Nəriman İsmayıl da Yusifova cavab olaraq bildirib ki, əgər o, doğrudan da təhdid olunmuşdusa, yemək zamanı bu barədə heç nə deməməsi qəribədir.
“Əgər təhdid vardısa, niyə o vaxt demədin?,” – deyə o, sual edib.
Zərərçəkmiş bu sualı cavabsız qoyub.
Daha sonra Qurbanəli Yusifovun dostu Fikrət Məmmədov şahid qismində ifadə verib. Onun ifadələri arasında ziddiyyətlər müşahidə olunub.
İbtidai istintaq zamanı Məmmədov bildirib ki, Azər Qasımlı ona zəng edərək Qurbanəlini axtardığını deyib. Qurbanəli Yusifov da ona Qasımlıya borcu olduğunu bildirib. Amma məhkəmədə o, Yusifovun “Azər Qasımlı məni narahat edir” dediyini söyləyib. Hakim ondan “narahat etmək” ifadəsini izah etməsini istədikdə, şahid bunun “təhdid” mənasında olduğunu söyləyib.
Azər Qasımlının vəkili Rövşanə Rəhimova şahiddən niyə fərqli ifadələr verdiyini soruşsa da, o, bu suala cavab verə bilməyib.
Hakimin “Qurbanəli Yusifovu haradan tanıyırsınız?” sualına Fikrət Məmmədov yalnız məktəb illərindən tanıdığını deyib. Bu zaman Yusifov onun sözünü kəsərək “Əgər münasibətimiz yox idisə, niyə mənə vəkil tutmusan?” deyə soruşub. Məmmədov bunu təkzib edib və aralarında qısa mübahisə yaranıb.
Məhkəmə prosesi noyabrın 19-da davam edəcək.
Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb və Cinayət Məcəlləsinin 182.2.3-cü (zor tətbiqi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. O, bu ittihamı siyasi sifariş adlandırır.
Qasımlı 2018-ci ildə Bakıda keçirilən etiraz aksiyasına rəhbərlik etdiyinə görə 30 sutka inzibati həbs cəzası almışdı. Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycanda 392 siyasi məhbus var.
Foto: Amerikanın Səsi