Aytac Tapdığın nikaha girməsinə qoyulan qadağa qüvvədə saxlanılıb

Aytac Tapdığın nikaha girməsinə qoyulan qadağa qüvvədə saxlanılıb
6 Noyabr 2025
Mətni dəyiş

Noyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində “Meydan TV işi” üzrə həbsdə olan jurnalist Aytac Tapdığın (Əhmədova) nikaha girməsinə qoyulan qadağa ilə bağlı şikayətə baxılıb.

Jurnalistin nikaha girmək istədiyi şəxs, heyvan hüquqları fəalı Kamran Məmmədli bildirib ki, məhkəmə onların şikayətini təmin etməyib və Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

“İki vətəndaşın nikahına qadağa qoyulması hüquqi cəhətdən mümkün deyil. Sadəcə qərarda “təmin edilməsin” yazırlar, amma əsaslandırma vermirlər,” – deyə Kamran Məmmədli qeyd edib.

Onun sözlərinə görə, cütlük məhkəmədə müdafiə çıxışı etsə də, hakimlər qərarlarını əsaslandırmayıblar. 

Məmmədli həmçinin bildirib ki, Penitensiar Xidmətin konvoy əməkdaşı Cəmil Hüseynov məhkəmə zalında onun Aytac Tapdıqla ünsiyyətinə mane olub, proses bitdikdən sonra isə zor tətbiq edərək onu zaldan çıxarmağa cəhd edib. Etirazdan sonra konvoy əməkdaşı geri çəkilib.

Kamran Məmmədlinin sözlərinə görə, gələn həftə onlar yenidən Xətai Rayon Məhkəməsinə müraciət edərək nikaha qoyulan qadağa ilə bağlı yeni iş qaldıracaqlar.

Oktyabrın 23-də Xətai Rayon Məhkəməsi Aytac Tapdığın saxlanıldığı Bakı İstintaq Təcridxanasında nikaha girməsinə icazə verilməsi barədə şikayətini təmin etməmişdi.

Jurnalist Aytac Tapdıq 2024-cü il dekabrın 6-da “Meydan TV işi” çərçivəsində saxlanılıb. Bu iş üzrə ümumilikdə 12 nəfərə qarşı cinayət işi açılıb. Əvvəlcə onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb, bu il avqustun 28-də isə ittihamlar ağırlaşdırılıb.

Hazırda onlar qanunsuz sahibkarlıq, vergidən yayınma, sənəd saxtalaşdırma və çirkli pulların yuyulması ittihamları ilə mühakimə olunurlar.

Jurnalistlər bütün ittihamları rədd edir və həbslərinin siyasi sifarişlə, peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun