Ali Məhkəmə üç ilə yaxındır həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin kassasiya şikayətini rədd edib. “Azadlıq Radiosu”nun məlumatına görə, qərar noyabrın 18-də hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda elan olunub.
Bəxtiyar Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Onun kassasiya şikayəti üzrə ilk məhkəmə iclası noyabrın 5-də baş tutub.
Prosesdə çıxış edən Hacıyev bildirib ki, həbsinin siyasi sifarişlə həyata keçirildiyini düşünür. Onun sözlərinə görə, əvvəlcə ona “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” ittihamları verilsə də, daha ağır cəza tətbiq etmək üçün istintaq gedişində əlavə maddələr, o cümlədən Cinayət Məcəlləsinin 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddəsi əlavə olunub.
“Mən Apellyasiya Məhkəməsində çıxış etmədim, çünki oradan ədalət gözləmirdim. Amma Ali Məhkəmədən, tam olmasa da, müəyyən gözləntim var idi”, - deyə fəal bildirib.
Vəkili Elçin Sadıqov isə çıxışında aşağı instansiya məhkəmələrinin qərəzli qərarlar verdiyini qeyd edib. Onun sözlərinə görə, müdafiə tərəfi Bakı Ağır Cinayətlər və Bakı Apellyasiya məhkəmələrinə 70-dən çox vəsatət təqdim etsə də, heç biri təmin olunmayıb.
İclasda iştirak edən Dövlət Vergi Xidmətinin nümayəndəsi qurumun 52 min manatlıq mülki iddiasının əvvəlki məhkəmə qərarlarında təmin olunduğunu xatırladaraq, kassasiya şikayətinin bu hissədə rədd edilməsini istəyib. Prokuror da çıxışında Hacıyevin şikayətinin əsassız olduğunu bildirərək, əvvəlki qərarların qüvvədə saxlanılmasını tələb edib.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” ittihamları ilə saxlanılıb, 2024-cü ilin yanvarında isə 10 il azadlıqdan məhrum edilib. O, həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 213.1 (vergidən yayınma) və 320 (saxta sənədlərdən istifadə) maddələri ilə də ittiham olunur.
Hacıyev ittihamları qəbul etmir və həbsi siyasi fəaliyyəti ilə əlaqələndirir. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da onun işini siyasi motivli hesab edir.
Foto: sosial media