“Meydan TV işi” çərçivəsində həbsdə olan jurnalist Ülviyyə Əli hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri, ictimai fəal Afiəddin Məmmədovla müsahibə aparıb. Afiəddin Məmmədov həbsxana şəraiti, siyasi məhbusların durumu və Azərbaycanda işçi haqları barədə danışıb.
“Abzas Media” müsahibəni təqdim edir.
“Burada pessimist olmamaq mümkün deyil”
Afiəddin Məmmədov deyir ki, həbsxanada pessimizmə qapılmamaq mümkünsüzdür:
“Gəlirsən, gözlədiyin şeylərin tam əksini görürsən. Siyasi məhbusların vəziyyəti bərbad gündədir. Mübarizə aparırsan, amma bəzən görürsən ki, səninlə eyni yolda olduğunu düşündüyün insanların məqsədləri tamam başqadır. Çöldə bu çirkinliklər görünmür, amma burada daha açıq şəkildə üzə çıxır. Çoxu elə üstü örtülü qalır. Bəzən adamlar deyir ki, “bunu demək lazım deyil, bunun mübarizəyə pis təsiri var” və s. və ilaxır. Amma 5-10 nəfər adamsınız və böyük bir kütlənin içərisində hamı sizə diqqət edir. Onda bir çoxunun çirkinliklərini görürsən. Və özün də apardığın mübarizənin dumanına düşürsən. Çünki mən bunun üçün mübarizə aparmırdım axı, mənim apardığım mübarizə başqa şey idi. Mənim dediyim sözlərlə yaşadığım həyat tərzi eynidir axı. Ən yaxın dostum, daha doğrusu, əqidə yoldaşım deyirdi ki, “bu da mübarizə aparır, mən də mübarizə aparıram. Amma görürsən ki, onun məqsədləri başqadır, sənin məqsədlərin başqadır”.
Çöldə də əslində, bu şeyləri görürdük, amma burada daha pis təsir edir.
Birlik arzulayırsan, amma onu tapa bilməyəndə daha çox pessimist olursan”.
“Ən böyük problem sağlamlıqdır”
Fəal həbsxanada məhbusların ən ciddi probleminin tibbi xidmətlə bağlı olduğunu bildirir:
“Hamı xəstəliklərdən əziyyət çəkir, amma baxan yoxdur. Həkim çatışmazlığı var, maaş azdır deyə işləmək istəmirlər. İşçilər az maaş alır, saatlarla işləyir. Ona görə də xəstə məhbuslara laqeyd yanaşılır. Əhəmiyyət verilmir. Bu da xəstəliyin ağırlaşmasına və başqalarına yoluxmasına gətirib çıxarır. Bir nəfər qripə yoluxan kimi bütün “zon” xəstələnir. Ona görə heç kəs sağala bilmir. Gərək hamı sağalsın ki, sən də sağalasan. Çünki xəstəliklə dolu mühitdə saxlanılırsan. Mən də bura ilk gələndə xəstəlikdən ölürdüm. Sonra yay fəsli gəldi deyə, soyuqlamalar bitdi, hər kəs sağaldı”.
Məmmədov həmçinin informasiya çatışmazlığını da mühüm problem kimi qeyd edir: “Burada məlumatların gec və ya ümumiyyətlə, gəlməməsi insanı daha çox sıxır”.
“Əsəb pozuntum yaranıb, burnumdan hələ də nəfəs ala bilmirəm”
Son aylarda səhhətində yaranan problemlər haqda danışan Afiəddin Məmmədov vəziyyətinin hələ də ağır olduğunu deyir:
“Əsəb gərginliyi, şəxsi sahənin olmaması insanı psixoloji sındırır. Kitab oxumağa belə fikir cəmləyə bilmirsən. Burnum saxlanılarkən sındırılmışdı, hələ də tənəffüs çətinliyim var. Havalar soyuduğu üçün böyrəklərim, oynaqlarım ağrıyır. Tibbi məntəqəyə köçürülmək üçün dəfələrlə müraciət etmişəm, amma cavab yoxdur”.
“Mübarizə məkan dəyişir, amma bitmir”
Siyasi fəal hesab edir ki, onun həbsinin əsas səbəbi işçi haqları və ictimai məsələlərə diqqət çəkməsi olub:
“Mən fikirləşdiyimi eləyən adamam. Ona görə də həbs olundum. Düşünürdüm ki, bəlkə bizim fikirlərdə yanlışlıq var. Çünki görürdüm ki, başqaları məsələlərə tələbkar yanaşmır. Mən isə nəyisə tələb edəndə ancaq özüm üçün tələb etməyi düzgün, vicdani saymırdım. Əgər yalnız özüm üçün hansısa faydanı əldə etsəm və başqalarını fikirləşməsəm, deməli, siyasi mübarizəm bir məna kəsb etmir. Amma Mandelanın “Azadlığa aparan uzun yol” kitabını oxuyanda başa düşdüm ki, onun da oxşar fikirləri olub. O deyirdi ki, bütün siyasi məhbusların öncəliyi düşdükləri həbsxananın şəraitini yaxşılaşdırmaq olmalıdır. Çöldə apardığımız mübarizəni müxtəlif tələblərlə burda da davam etdirməliyik. Sözsüz ki, buradakı tələblər fərqlidir. Amma əgər mübarizə aparırsansa, döyüşçüsənsə, döyüş davam etməlidir. Fərqli yollarla, olduğun şəraitə uyğunlaşaraq. Əslində mübarizə məkan dəyişsə də, bitmir.
İnzibati həbsdə məni sorğu-suala çəkmişdilər, deyirdilər ki: “Sən işçi hüquqlarını müdafiə etdiyini deyirsən, amma səni təkcə bu hüquqlarla bağlı görmürük. Hansı daşı qaldırsaq, altından sən çıxırsan. Gah sülh məsələlərini qaldırırsan, gah etnik qrupların problemindən danışırsan”.
İşçi məsələləri ilə bağlı tətil ənənələri yaranmışdı. Bir çox sahədə çalışan işçiləri əhatə edirdi. Şəkidə müəllimlər tətil hüququndan yararlanmışdı. Direktora qarşı mövqe tutmuşdular. Taksi sürücüləri də tətillər keçirdilər. Yeni tendensiyalar yaranırdı. Əvvəllər heç bir fəaliyyət göstərməyən, sadəcə adları olan həmkarlar ittifaqları da bu mövzuları danışmağa başladılar. İşçi hüquqlarının vəziyyəti, əməkhaqlarının az olması, işçilərin problemləri, iş saatların çox olması gündəmə gəldi. Hakimiyyətin təyin etdiyi mövzularla hərəkət etmirdik. Yeni mövzu yaratmışdıq. Özümüz gündəm formalaşdırırdıq. Bu da həbsimizə səbəb oldu”
“İşçilər istismar olunur, bu, müasir köləlikdir”
Məmmədov işçi hüquqları ilə bağlı vəziyyəti “müasir köləlik” adlandırır:
“İş saatları bir çox yerlərdə elastikdir və normativlərə uyğun deyil. İşçilər az qala hər yerdə istismar edilir. Ən qlobal məsələlərdən biri əmək müqavilələrinin olmamasıdır. Ağır iş sahələrində minimum əməkhaqqı daha yüksək olmalıdır. Elə Penitensiar Xidmətin müəssisələrində də. İnşaat sektoru, kuryerlər – heç kim çəkdiyi əziyyətə uyğun maaşa nail ola bilmir. Bunun üçün təşkilatlanma və birgə mübarizə lazımdır. Hökumətin qarşısında konkret tələblər qoyulmalıdır. Heç kim deməsin ki, “bu, mənim sahəm deyil”. Hamımıza aiddir və hamımızın başına gələcək məsələdir. Avropada hansısa qanun çıxanda ən sıravi insan da buna etiraz edir, öz gələcəyini, övladlarının gələcəyini düşünür. Kollektiv düşüncəyə sahib olmalıyıq, xalqlaşmalıyıq. Əks halda daha ağır rejimlərə, müasir köləliyə gəlib çıxacağıq. Çünki fasad dəyişsə də, mahiyyətcə köləlikdir”.
“Məni “kars”a ictimailəşmənin qarşısını almaq üçün saldılar”
Afiəddin Məmmədovun sözlərinə görə, may ayında onu ailəsinə xəbər vermədən cərimə kamerasına (“kars”) salıblar:
“Həmişə tələblər irəli sürdüyümə görə, başqalarının haqlarını qoruduğum üçün məni ora layiq gördülər. Orada vəziyyət başqa idi, rejim qaydaları vardı. O qaydalar qanunvericiliyə uyğun deyildi deyə, icra etməkdən imtina edirdim. Başqalarına şamil olunanda da etiraz edirdim. Bütün qayda-qanunlar hamıya şamil edilməliydi. Bir haqsız qaydaya etiraz etməsən, o qaydalar əvvəl-axır sənə də gəlib çatacaqdı. Kollektiv şüurla düşünmək lazımdı. Buna görə də mənə təklif etdilər ki, öz razılığımla gedim. Dedilər ki, “Onsuz da gedib ora düşəcəksən. Ən yaxşı variant öz razılığınla getməyindir”. Məcburiyyət qarşısında, həm də yorğunluq, səhərdən aparılmışdım, axşama qədər saxlanılmışdım, ac-susuz idim və beynimin yorğunluğuna görə məcbur razılaşdım. Düşündüm ki, “kars”dan çıxanda başqa cür hərəkətlər edərəm. Əsas odur ki, 10-14 günü yola verim. Hamı narazılıq edirdi rejimin sərtliyindən. Ora düşən siyasilər də rejim qaydaları ilə razılaşmırdılar. Daim narazılıq edirdilər. Mən də ora gəlib düşəndə gördülər ki, ictimailəşdirəcəm. Mən adətən özüm görmədiyimi ictimailəşdirməyi etik saymıram. Həm də ictimailəşmənin qarşısını almaq üçün məni “kars”a göndərdilər. Mənə edilən ən böyük təzyiq isə Tofiq Yaqublu üçün aclıq edən zaman oldu. Mən aclıq zamanı su içirdim. Amma mənə su vermirdilər, siqaret vermirdilər. Onda “kars”da idim. Suyu tələb etsəm də, 5 gün məcburi quru aclıq etməli olmuşdum. Görürdülər ki, siqaret çəkən adamam. Suyu və siqareti kəssələr, dözümsüzlük göstərəcəyimi düşünürdülər. Amma tam əksi baş verdi. Mən də həm ümumi mübarizəyə, həm Tofiq Yaqubluya hörmət əlaməti olaraq bunu dayandırmağı özüm üçün qəbuledilməz hesab edirdim. Ona görə də davam edirdim”.
***
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasına qarşı həbslər 2023-cü ilin avqustunda kuryerlərin etiraz aksiyasından sonra başlayıb.
Əvvəlcə təşkilatın sədri Afiəddin Məmmədov 30 sutka inzibati qaydada həbs edilib. Daha sonra Konfederasiyaya daxil olan Kuryer Birliyi Həmkarlar İttifaqının üzvü Elvin Mustafayev avqustun 4-də və İdarə Heyətinin üzvü Ayxan İsrafilov avqustun 10-da narkotik ittihamı ilə saxlanılıblar.
Hərəkatın digər üzvü Möhyəddin Orucov da həmin ilin oktyabrında inzibati qaydada 30 sutka həbs edilib, azadlığa çıxdıqdan sonra isə narkotiklərin dövriyyəsində ittiham olunaraq yenidən həbs edilib.
Müstəqil jurnalist Ülviyyə Əli (Quliyeva) isə bu il mayın 6-da "Meydan TV işi" üzrə saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin əvvəlcə 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ittihamlar ağırlaşdırılıb. Ülviyyə Əli özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirir.
Yerli hüquq müdafiəçilərinin hesabatına görə, hazırda ölkədə 400-ə yaxın siyasi məhbus var. Hökumət nümayəndələri isə bu iddiaları rədd edir, həbs olunanların konkret əməllərlə bağlı məsuliyyətə cəlb olunduqlarını bildirirlər.