Afiəddin Məmmədova həbsxanada məhdudiyyətlər qoyulduğu bildirilir

Afiəddin Məmmədova həbsxanada məhdudiyyətlər qoyulduğu bildirilir Foto: Meydan TV
10 Noyabr 2025
Mətni dəyiş

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sədri Afiəddin Məmmədovun telefonla danışmaq hüququna qadağa qoyulduğu bildirilir.

Bu barədə onun yaxınları məlumat yayıb. Onların sözlərinə görə, qadağaya səbəb kimi Afiəddin Məmmədovun “Meydan TV işi” çərçivəsində həbs edilən jurnalist Ülviyyə Əliyə verdiyi sonuncu müsahibə göstərilib.

Yaxınlarının iddiasına əsasən, Cəzaçəkmə Müəssisəsinin əməkdaşı Vüsal Aslanov Afiəddin Məmmədovun telefon danışıqlarına mane olur, onu təzyiq altında saxlayır və digər məhbusları ona qarşı mübahisəyə təhrik edir. Hazırda onun vəziyyəti barədə dəqiq məlumat yoxdur.

Ötən həftə yayımlanan müsahibəsində Afiəddin Məmmədov siyasi məhbusların həbsxanalardakı vəziyyətini “bərbad” adlandırmışdı. Müsahibəni saytımızdan oxuya bilərsiniz.

Afiəddin Məmmədov 2023-cü ilin sentyabrında tanımadığı şəxsə bıçaqla xəsarət yetirmək ittihamı ilə saxlanılıb və bu ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurma), 221.3 (silah qismində istifadə olunan əşyalarla xuliqanlıq törətmə) və 228.4 (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasına qarşı həbslər 2023-cü ilin avqustunda kuryerlərin etiraz aksiyasından sonra başlanıb. Əvvəlcə təşkilatın sədri Afiəddin Məmmədov 30 sutka inzibati qaydada həbs olunub. Daha sonra Konfederasiyaya daxil olan Kuryer Birliyi Həmkarlar İttifaqının üzvü Elvin Mustafayev (avqustun 4-də) və İdarə Heyətinin üzvü Ayxan İsrafilov (avqustun 10-da) narkotik ittihamı ilə saxlanılıblar.

Hərəkatın digər üzvü Möhyəddin Orucov da həmin ilin oktyabrında inzibati qaydada 30 sutka həbs edilib, azadlığa çıxdıqdan sonra isə yenidən narkotiklərin dövriyyəsində ittiham olunaraq həbsə alınıb.

Yerli hüquq müdafiəçiləri “İşçi Masası” üzvlərinin siyasi məhbus kimi tanındığını bildirir. Onların məlumatına görə, hazırda Azərbaycanda 400-ə yaxın siyasi məhbus var. Rəsmilər isə bu iddiaları qəbul etmir və bildirirlər ki, həmin şəxslər törətdikləri əməllərə görə mühakimə olunublar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun