Afiəddin Məmmədov həbsxanadakı şəraitdən yazır: “Müəssisənin tutumu 800 məhkum olsa da, 1800-ə yaxın məhkum saxlanılır”

Afiəddin Məmmədov həbsxanadakı şəraitdən yazır: “Müəssisənin tutumu 800 məhkum olsa da, 1800-ə yaxın məhkum saxlanılır” Foto: Meydan TV
24 Noyabr 2025
Mətni dəyiş

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sədri Afiəddin Məmmədov həbsxanadakı vəziyyətlə bağlı ictimaiyyətə məktub ünvanlayıb.

O bildirib ki, Bakı İstintaq Təcridxanası və digər müəssisələrdə məhbusların görüntülü danışıq hüququndan geniş istifadə olunduğu halda, 2 saylı Cəzaçəkmə Müəssisəsində bu imkan mövcud deyil:

“Məhkumlar Penitensiar Xidmətin bütün cəzaçəkmə müəssisələrində həftədə bir dəfə görüntülü danışıq hüququ ilə təmin olunsa da, 2 saylı Cəzaçəkmə Müəssisəsində bu hüquq məlum olmayan səbəblərdən təmin olunmur. Məhkumlar bildirir ki, əvvəllər görüntülü danışıq ödənişli əsaslarla - dəqiqəsi 1 manat olmaqla təmin olunurdu, lakin bir neçə məhkumun danışıq zamanı qeyri-etik ifadələrinə görə ləğv edilib”.

Məmmədovun sözlərinə görə, müəssisədəki 1800-ə yaxın məhkum hazırda ailələrini aylarla görə bilmədikləri üçün bu hüququn bərpasını gözləyir:

“Onların çoxu məsafəyə görə ailə üzvlərinin üzlərinə aylarla həsrət qalır. Məhkumlar da yer üzünün sakinləridir. Onlar cəmiyyətdən təcrid olunaraq yetərincə cəzalandırılıblar. 21-ci əsrdə Penitensiar Xidmət müəssisələrində ən azından xırda texnoloji inkişafların qarşısı alınmamalıdır”.

Məmmədov həbsxanalarda rüşvət hallarına da diqqət çəkib:

“Öncələr hüquqların satın aldığı qiymətlər indi iki qat artıb. Misal üçün, Xəzər Rayon Məhkəməsi cəzanın çəkilməyən hər ayı üçün 500 AZN pul tələb edir. Qısaca, azadlıq cibinizdəki pulun miqdarına görə müəyyənləşdirilir. Əgər ödəyəcək pulunuz yoxdursa, müsbət rəy almağınız əhəmiyyətsizdir”.

Sədr həbsxanadakı məhkum sıxlığının kritik həddə olduğunu vurğulayıb:

“2 saylı cəzaçəkmə müəssisəsinin tutumu 800 məhkum olsa da, 1800-ə yaxın məhkum saxlanılır. Bir qism məhkumlar yerdə yatır, şərait isə bərbaddır. Penitensiar Xidmətin işçi heyəti əskik olduğu üçün məhkumlara tam nəzarət edə bilmir”.

Məktubda bildirilib ki, Penitensiar Xidmət son günlər cəzasının 2/3-ni çəkmiş məhkumları məhkəmələrə müraciət etməyə həvəsləndirilir:

“Bu hadisəyə kənardan nəzər yetirdiyimdə mənə Ədliyyə Nazirliyi ilə məhkəmə arasında münaqişə görünür. Sanki Ədliyyə Nazirliyi məhkumları müraciətə təşviq edərək vəziyyətə öz etirazını bildirir”.

Məmmədov həm məhkumların, həm də Ədliyyə Nazirliyinin böyük amnistiya gözləntisində olduğunu bildirib:

“Ədalətli dövlətlərdə bu tez-tez baş verir. Azərbaycan hökuməti xalqının məhkum nümayəndələrini diqqətdən kənar qoymamalıdır”.

Afiəddin Məmmədov 2023-cü ilin sentyabrında tanımadığı şəxsi bıçaqlamaq ittihamı ilə saxlanılıb və 2025-ci ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib. Ona Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə ittiham irəli sürülüb.

“İşçi Masası” Konfederasiyasına qarşı həbslər 2023-cü ilin avqustunda kuryerlərin etirazlarından sonra başlayıb. Təşkilatın bir neçə üzvü sonradan narkotik ittihamı ilə həbs edilib. Yerli hüquq müdafiəçiləri onların siyasi məhbus olduğunu bildirirlər. Rəsmilər bu iddianı qəbul etmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun