5 illik həbs cəzasının sadəcə 20 gününü həbsxanada keçirən Nikolya Sarkozi azadlığa buraxılır

5 illik həbs cəzasının sadəcə 20 gününü həbsxanada keçirən Nikolya Sarkozi azadlığa buraxılır
10 Noyabr 2025
Mətni dəyiş

Fransanın sabiq prezidenti Nikolya Sarkozinin həbsdən azad edilməsi barədə qərar qəbul edilib. Paris Apellyasiya Məhkəməsi noyabrın 10-da keçmiş dövlət başçısının həbsxanadan çıxarılaraq məhkəmə nəzarəti altına buraxılması ilə bağlı həm prokurorluğun, həm də müdafiə tərəfinin müraciətini təmin edib.

Bu barədə “BFMTV” məlumat yayıb.

Prokurorluq Sarkozinin azadlığa buraxılması üçün şərt kimi onun iş üzrə digər təqsirləndirilən şəxslər və şahidlərlə təmasda olmamasını irəli sürüb. Müdafiə tərəfi də eyni tələblə çıxış edib.

Nikolya Sarkozi oktyabrın 21-də Parisdə yerləşən “La Santé” həbsxanasına gətirilmişdi. O, Liviya lideri Müəmmar Qəddafinin hökumətindən qanunsuz şəkildə maliyyə dəstəyi almaqda, yəni, seçki kampaniyasını qeyri-qanuni yolla maliyyələşdirməkdə ittiham olunurdu.

Bu iş üzrə Sarkozi 5 il azadlıqdan məhrum edilib. Bununla da o, Fransa tarixində real həbs cəzası alan ilk sabiq prezident kimi yadda qalıb.

Keçmiş prezidentin həbsdə cəmi 20 gün qaldığı bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun