Bir müddət əvvəl fəaliyyəti dayandırılan vəkil Zabil Qəhrəmanovun saxlanıldığı bildirilir. Məlumata görə, onu Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıblar.
“APA”nın məlumatına görə, vəkil xuliqanlıqda ittiham olunur. İddiaya əsasən, o, avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edib və həmin şəxsə xəsarət yetirib. Hazırda faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Oktyabrın 8-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Zabil Qəhrəmanovun fəaliyyətinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul etmişdi. Kollegiyanın açıqlamasında bildirilmişdi ki, intizam pozuntusuna görə iki vəkilin fəaliyyəti dayandırılıb, dörd vəkilə xəbərdarlıq, birinə isə töhmət verilib.
Zabil Qəhrəmanov bir sıra rezonans doğuran işlərdə müdafiəçi kimi çıxış edib. O, Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən 11 yaşlı Nərmin Quliyevanın işi üzrə ittiham olunan İlkin Süleymanovun vəkili olub. Həmçinin qətl ittihamı ilə 11 il həbs cəzası alıb, 4 ildən sonra bəraət qazanan Polad İsmayılovun da müdafiəsini həyata keçirib.
Qəhrəmanov eyni zamanda AXCP üzvləri Sahib Məmmədzadə, Şahin Hacıyev və digər siyasi fəalların hüquqlarını da müdafiə edib.