Ermənistan Parlamentinin spikeri Alen Simonyan Yerevanda keçirilən Avronest Parlament Assambleyasının 12-ci plenar iclasında Ermənistan–Azərbaycan sülh prosesi, Vaşinqtonda imzalanmış bəyannamə və regional əməkdaşlıq təşəbbüsləri barədə çıxış edib.
“Armenpress”in məlumatına görə, spiker qeyd edib ki, iki ölkə arasında sülhün bərqərar olunması istiqamətində nəzərəçarpacaq irəliləyiş var. O, bunun əsas göstəricisi kimi 2025-ci il avqustun 8-də ABŞ prezidentinin iştirakı ilə Ermənistan və Azərbaycan liderlərinin Vaşinqtonda imzaladığı birgə bəyannaməni və həmin gün iki ölkənin xarici işlər nazirlərinin sülh və qarşılıqlı münasibətlərin qurulması haqqında sazişi paraflamasını göstərib.
“Bəyannamənin qəbul olunması və sazişin paraflanması artıq sülhün bərqərar olduğunu göstərir. Bununla belə, bir sıra humanitar məsələlər hələ də açıq qalır. Azərbaycanda saxlanılan erməni əsilli şəxslərin taleyi hələ də ciddi problemdir. Eləcə də itkin düşənlərin taleyinin müəyyənləşdirilməsi mühüm humanitar prioritet olaraq qalır”, — deyə Simonyan vurğulayıb.
O, həmçinin bildirib ki, Vaşinqton görüşündən sonra Ermənistan ABŞ və digər tərəfdaşlarla “Beynəlxalq Sülh və Rifaha Doğru Tramp Marşrutu” (TRIPP) təşəbbüsünün həyata keçirilməsində əməkdaşlığı davam etdirəcək.
“TRIPP layihəsi Ermənistanın “Sülh kəsişməsi” proqramı çərçivəsində regiondakı kommunikasiyaların fasiləsizliyini təmin etmək vizyonuna əsaslanır. Bu təşəbbüs Ermənistan, Azərbaycan və qonşu ölkələr arasında dəmir yolu, avtomobil yolu, boru kəmərləri, elektrik ötürmə xətləri və rabitə kabeli şəbəkələrinin inkişafını nəzərdə tutur”, — Simonyan deyib.
Parlamentin spikeri əlavə edib ki, Ermənistan Avropa İttifaqının Qara dəniz regionuna dair yeni strateji yanaşmasını da alqışlayır. Onun sözlərinə görə, bu yanaşma regionda sabitlik və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni impuls yarada bilər.