Rusiyanın neft ixracından gəlirlər azalır: avqustda 900 milyon dollarlıq eniş

Rusiyanın neft ixracından gəlirlər azalır: avqustda 900 milyon dollarlıq eniş Foto: kremlin.ru
28 Oktyabr 2025
Mətni dəyiş

2025-ci ilin avqustunda Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər iyul ayı ilə müqayisədə 900 milyon dollar azalaraq 13,5 milyard dollara düşüb. Bu barədə KSE İnstitutunun sentyabr buraxılışı olan “Russian Oil Tracker” hesabatında bildirilir.

Məlumata görə, azalma xam neft və əsas neft məhsullarının qiymətlərinin enməsi ilə bağlıdır. Hesabatda qeyd olunur ki, xam neftdən gəlir 400 milyon dollar azalaraq 8,8 milyard dollara, neft məhsullarından gəlir isə 600 milyon dollar azalaraq 4,8 milyard dollara düşüb. Bu azalma ixrac həcmləri sabit qaldığı halda baş verib.

Avqustda dəniz yolu ilə xam neft ixracı 1,4 faiz, neft məhsullarının ixracı isə 1,7 faiz azalıb. Beynəlxalq P&I sığortası ilə təmin olunan tankerler yalnız xam neft daşımalarının 21 faizini, neft məhsulları daşımalarının isə 82 faizini həyata keçirib.

KSE-nin məlumatına görə, həmin ay Rusiya limanlarından xam neft və neft məhsulları daşıyan 155 tədarük gəmisi yola düşüb və onlar gəmi-gəmi (STS) transferlərində iştirak edib. Bu tankerlərin 86 faizinin 15 ildən çox istismar müddəti var.

Hindistan Rusiyanın dəniz yolu ilə xam neft ixracının əsas alıcısı olaraq qalır. Avqustda Hindistanın idxalı əvvəlki aya nisbətən 11 faiz azalsa da (gündəlik 1,504 min barel), bu ölkə 45 faizlik payla lider mövqeyini qoruyub. Türkiyə isə neft məhsullarının əsas alıcısıdır – avqustda idxal həcmi gündəlik 425 min barel təşkil edib.

Hesabatda bildirilir ki, AB, ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya ümumilikdə 535 Rusiya neft tankerinə sanksiya tətbiq etsə də, sanksiyaları pozan tankerlərin sayı hər ay artır və bu, nəzarətin zəif olduğunu göstərir.

KSE qeyd edir ki, avqustda “Urals” markalı neft G7/AB qiymət tavanından aşağı, “ESPO” isə həmin həddən xeyli yuxarı səviyyədə satılıb. Nafta istisna olmaqla bütün neft məhsulları şişirdilmiş qiymət tavanı səbəbindən limitin altında satılıb.

İnstitutun hesablamalarına görə, mövcud qiymət tavanı və sanksiya vəziyyəti dəyişməz qalsa, Rusiyanın neft gəlirləri 2025-ci ildə 155 milyard dollar, 2026-cı ildə isə 125 milyard dollar təşkil edəcək. Əgər “Urals” üçün endirim 40 dollar/barrelə, “ESPO” üçün isə 30 dollar/barrelə qədər genişlənsə, gəlir 2025-ci ildə 136 milyard dollara, 2026-cı ildə isə 46 milyard dollara düşə bilər. Sanksiyaların icrası zəif qalarsa, əksinə, gəlir 2025-ci ildə 161 milyard dollara, 2026-cı ildə isə 146 milyard dollara çata bilər.

Ümumilikdə, KSE hesab edir ki, Rusiya 2022-ci ilin martından 2025-ci ilin avqustuna qədər tammiqyaslı müharibə nəticəsində neft ixracından 159 milyard dollar itkiyə məruz qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun