“QHT işi”ndə daha iki nəfərin məhkəməsi keçirilib, Nərgiz Muxtarova ittihamları rədd edib

“QHT işi”ndə daha iki nəfərin məhkəməsi keçirilib, Nərgiz Muxtarova ittihamları rədd edib
28 Oktyabr 2025
Mətni dəyiş

Oktyabrın 27-də “QHT işi” çərçivəsində təqsirləndirilən şəxslərdən biri — Nərgiz Muxtarovanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Nərgiz Muxtarova vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə və müxtəlif layihələr üzrə sənədləri saxtalaşdırmaqla “Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl və digər şəxslərlə cinayət əlaqəsinə girib. O, ABŞ-də yerləşən fondlardan ümumilikdə 150 min manatdan çox vəsait əldə edərək leqallaşdırmaqda ittiham olunur.

Muxtarovaya qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

O, məhkəmədə prokurorun elan etdiyi ittihamı rədd edərək, özünü təqsirli bilmədiyini bildirib.

Növbəti məhkəmə iclası dekabrın 15-nə təyin edilib.

Eyni gün bu iş üzrə digər təqsirləndirilən Əhməd Məmmədzadənin məhkəmə prosesi də başlayıb.

Hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib və Məmmədzadə barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. İş məhkəmə baxışına verilib.

“QHT işi” çərçivəsində indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsi cinayət məsuliyyətinə cəlb olunub.

Hazırda “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə həbsdə saxlanılır.

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli və fəal Aytac Ağazadə isə ölkədən kənarda olduqları üçün axtarışdadır. Digər şəxslər barəsində alternativ qətimkan tədbirləri seçilib.

Təqsirləndirilənlərin hamısı ittihamları əsassız və siyasi motivli hesab edir

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun