“QHT işi” üzrə təqsirləndirilən Hafiz Həsənovun məhkəməsi başlayır

“QHT işi” üzrə təqsirləndirilən Hafiz Həsənovun məhkəməsi başlayır
11 Oktyabr 2025
Mətni dəyiş

“QHT işi” üzrə təqsirləndirilənlərdən biri – “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov barəsində ibtidai istintaq tamamlanıb. Onun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun icraatına verilib və hazırlıq iclası oktyabrın 22-nə təyin edilib.

Baş Prokurorluğun İstintaq İdarəsində bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi açılıb. İstintaq çərçivəsində yerli və xarici QHT-lərin fəaliyyəti araşdırılır.

Hafiz Həsənov bu iş üzrə martın 14-də “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı və “Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Alpay ilə birlikdə saxlanılıb. Məhkəmə qərarı ilə Süleymanlı və Alpay barəsində həbs qətimkan tədbiri seçilib, Həsənov isə ev dustaqlığında saxlanılır.

Daha sonra Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə də həbs olunublar. 

Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bundan başqa, “Sosial Hüquqlar Mərkəzi”nin rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə barəsində qiyabi həbs qərarı çıxarılıb və onlar axtarışa verilib. Bir sıra digər QHT üzvləri isə istintaq dövründə polis nəzarətinə buraxılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun