“QHT işi” çərçivəsində təqsirləndirilənlərdən biri, sosial işçi Zamin Zəkiyə açılan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan iclasda anket məlumatları dəqiqləşdirilib.
Vəkil Günay İsmayılova iclasda bir neçə vəsatət qaldırıb. O, müvəkkilinin 57 min manat leqallaşdırmaqda ittiham olunduğunu, lakin bu ittihamın sübutlarla təsdiqlənmədiyini bildirib və cinayət işinə xitam verilməsini xahiş edib. Bundan əlavə, o, Zamin Zəkinin ev dustaqlığına buraxılması barədə vəsatət təqdim edib.
Vəkil həmçinin müvəkkilinin yanında əyləşməsinə icazə verilməsi barədə vəsatət verib. Məhkəmə bu vəsatəti təmin edib, lakin digər iki vəsatət rədd olunub.
Nəticədə iş məhkəmə baxışına verilib və baxış iclası noyabrın 12-nə təyin edilib.
Zamin Zəkiyə qarşı Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma – xeyli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
“QHT işi” çərçivəsində indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsi cinayət məsuliyyətinə cəlb olunub. Hazırda “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə həbsdə saxlanılır.
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli və fəal Aytac Ağazadə isə ölkədən kənarda olduqları üçün axtarışdadır. Digər şəxslər barəsində isə alternativ qətimkan tədbirləri seçilib.
Təqsirləndirilənlərin hamısı ittihamları əsassız və siyasi motivli hesab edir.
Foto: Əkinçi