“QHT işi” üzrə Qalib Bayramovun məhkəməsi başlayıb

“QHT işi” üzrə Qalib Bayramovun məhkəməsi başlayıb
8 Oktyabr 2025
Mətni dəyiş

“QHT işi” üzrə ittiham olunanlardan biri – İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında əvvəlcə anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən şəxsin vəkili Zibeydə Sadıqova vəsatət qaldıraraq, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini tələb edib.

Dövlət ittihamçısı vəsatətin bu mərhələdə baxılmamış saxlanılmasını istəyib. Məhkəmə də vəsatəti təmin etməyib. Eyni zamanda Qalib Bayramov barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasına və işin məhkəmə baxışına verilməsinə qərar qəbul olunub. Prosesin davamı oktyabrın 22-nə təyin edilib.

Qalib Bayramov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma – xeyli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

O, iqtisadçı professor Qubad İbadoğlunun qardaşıdır.

“QHT işi” çərçivəsində mart ayından bəri bir sıra ictimai fəallar saxlanılıb. Onlar arasında “Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Alpay, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi Zamin Zəki də var. “Hüquq və İnkişaf” İB rəhbəri Hafiz Həsənov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bundan əlavə, bir sıra fəallar - Sübhan Həsənli və Aytac Ağazadə ölkə xaricində olduqları üçün barələrində qiyabi həbs qərarı çıxarılıb və axtarış elan olunub. İstintaq dövründə digər QHT rəhbərləri və üzvləri də polis nəzarətinə verilib. Onlar arasında ABŞ-ın Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli də var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun