Neyanyahu Qəzza ilə bağlı siyasətini tənqid edən milli təhlükəsizlik müşavirini işdən azad edib

Neyanyahu Qəzza ilə bağlı siyasətini tənqid edən milli təhlükəsizlik müşavirini işdən azad edib
22 Oktyabr 2025
Mətni dəyiş

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin milli təhlükəsizlik müşaviri Tsaxi Hanegbini vəzifəsindən azad edib. Bu barədə “Times of Israel” qəzeti xəbər yayıb. Qərarın HƏMAS-la müharibə zamanı yürüdülən siyasətlə bağlı fikir ayrılıqları fonunda verildiyi bildirilir.

Məlumata görə, Likud partiyasının veteran üzvü, 1990-cı illərdən bəri müxtəlif nazir postlarında çalışmış Hanegbi bu yay Qəzza şəhərinə qoşun yeritmək planına qarşı çıxıb. O, həmçinin ötən ay Qətərdə HƏMAS liderlərinə endirilən, lakin uğursuz sayılan hücum əməliyyatının da əleyhinə olub.

Hanegbinin müavini Gil Reyx dərhal Milli Təhlükəsizlik Şurasının rəhbəri və Baş nazirin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini icra etməyə başlayıb. Reyx 2022-ci ildən bu vəzifəyə gətirilməzdən öncə İsrail Atom Enerjisi Komissiyasının sədr müavini idi.

Netanyahu bəyanatında Hanegbiyə xidmətlərinə görə təşəkkür edib və ona “gələcək fəaliyyətlərində uğurlar və sağlamlıq” arzulayıb.

Hanegbi isə keçmiş rəhbəri ilə fikir ayrılıqlarını təsdiqləyib:

“Mən Baş nazirə İsrailin xarici və təhlükəsizlik siyasətinin formalaşmasında tərəfdaş olmaq fürsətinə görə təşəkkür etdim. Çətin dövrlərdə müstəqil mövqeyimi ifadə etməyə və professional dialoqu davam etdirməyə imkan verildiyi üçün minnətdaram”.

O, 7 oktyabr 2023-cü ildə başlayan müharibənin, atəşkəs razılaşmasının qüvvəyə minməsinə baxmayaraq, hələ bitmədiyini vurğulayıb:

“Əsgərlərimiz hələ də bir çox cəbhələrdə döyüş hazırlığında qalırlar. Girovların hamısını evə qaytarmaq missiyası başa çatmayıb. Qəzzada terror təşkilatlarının hakimiyyətdən uzaqlaşdırılması, silahsızlaşdırılması və bu bölgənin İsrail üçün təhlükə mənbəyi olmaması hələ təmin edilməyib”.

Hanegbi 7 oktyabr hadisələrində baş verən “dəhşətli uğursuzluğa” görə öz məsuliyyətini də etiraf edib və dövlət komissiyasının yaradılaraq bu məsələnin hərtərəfli araşdırılmasını tələb edib:

“Bu hadisə dərindən araşdırılmalıdır ki, zəruri dərslər çıxarılsın və sarsılmış ictimai etimad bərpa olunsun”.

Netanyahunun tərəfdarları yerli “Kan” telekanalına bildiriblər ki, Hanegbi mətbuata məlumat sızdırır və Baş naziri nüfuzdan salırdı. Onların sözlərinə görə, Baş nazirin həyat yoldaşı Sara Netanyahu da Hanegbinin fəaliyyətindən narazı olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun