Əli Zeynal: “Məni təhdidlə, şantajla “yola gətirmək” cəhdləri uğurlu ola bilməz”

Əli Zeynal: “Məni təhdidlə, şantajla “yola gətirmək” cəhdləri uğurlu ola bilməz”
20 Oktyabr 2025
Mətni dəyiş

“Toplum TV işi” üzrə həbs edilən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Əli Zeynal saxlanıldığı Bakı İstintaq Təcridxanasındakı (BİT) problemlərdən yazdığına görə müəssisə rəhbərliyinin qəzəbinə tuş gəldiyini bildirib. O, bu barədə ailəsi vasitəsilə “Abzas Media”ya məlumat verib.

Əli Zeynal deyib ki, BİT-dəki rüşvət halları, qeyri-qanuni hərəkətlər, dustaqların hüquqlarının pozulması, döyülmə, işgəncə və zorakılıq barədə yazılarından sonra “klassik cəzalandırma metodları” tətbiq olunmağa başlayıb:

“Kameramdakı insanlara qarşı müxtəlif məhdudiyyətlər qoyulub. Təcridxananın rəisi Elnur İsmayılov oktyabrın 6-dan etibarən təkcə mən və mənim kameramdakı insanlar yox, bütövlükdə bizim korpusu hədəfə alıb. Onun işçiləri insanlara müxtəlif çətinliklər yaradır və deyirlər ki, “bunların hamısı jurnalist Əli Zeynala görə olur, məsələnizi onunla həll edin, günahkar odur. Davam etsə, daha da betər olacaq, hələ bu, başlanğıcdır. O yazmağını dayandırsa, biz də bütün bunları dayandıracağıq”.

Elnur İsmayılov Penitensiar Xidmətin birbaşa əlaqəsi olduğu üzə çıxmasın deyə, məni guya dustaqların əli ilə vurmaq istəyir”. – Əli Zeynal bildirib.

O, oktyabrın 12-də ailəsi ilə konfidensial görüşə icazə verilməməsini də məhz bu yazılarla əlaqələndirib.

“Jurnalist Qənimət Zahid oktyabrın 5-də yayımlanan “Azərbaycan saatı” verilişində açıq görüşlərin rüşvətlə verilməsi, müxtəlif qiymətlərə satılması, rəis Elnur İsmayılovun “şou göstərərək” bəzən insanları açıq görüşə buraxması haqqında yazımı oxuyandan sonra ailəmlə açıq görüşüm ləğv edildi. Şüşədən görüşdə də başqa bir dustaqla bağlı hay-küy qopdu, məsələ böyüdü. Mən aranı sakitləşdirmək istəyəndə açıq görüşün rəisi Şəhriyar və rəis müavini Cavid gəldilər. Cavidlə aramızda gərginlik yaşandı. Elnur İsmayılovun işçilərinə də dedim ki, belə ucuz variantlarla rəislərinin əlinə heç nə keçən deyil. Məni təhdidlə, şantajla, bu tip “cəzalandırmalarla” öz aləmində “yola gətirmək” cəhdləri uğurlu ola bilməz, istəyir lap bütövlükdə görüşləri və zəngləri ləğv etsin,” – Əli Zeynal əlavə edib.

Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal ötən ilin martında “Toplum TV işi” çərçivəsində həbs edilib. Bu iş üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu üzv Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, İlkin Əmrahov və Ramil Babayev də var. Jurnalist Elmir Abbasov isə polis nəzarətinə buraxılıb.

İttihamlar əvvəlcə qaçaqmalçılıq maddəsi ilə irəli sürülsə də, sonradan daha ağır ittihamlarla əvəzlənib. Təqsirləndirilən şəxslər bütün iddiaları rədd edir və həbslərinin siyasi sifariş olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun