Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ümumvətəndaş pasportu almaq üçün müraciət etsə də, sənədin verilməsindən imtina edildiyini açıqlayıb.
Partiya sədri bildirib ki, oktyabrın 8-də ASAN Xidmətə gedərək təcili qaydada - bir gün ərzində pasport almaq üçün müraciət edib və rüsumu ödəyib:
“Xidmətin əməkdaşı mənə pasportun bir gün sonra hazır olacağını dedi. Gedib pasportu götürmək istəyəndə isə mənə məlumat verdilər ki, sənədin verilməsinə DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi icazə verməyib”.
Kərimli əlavə edib ki, ödəniş də ona geri qaytarılıb:
“İmtinanın səbəbi barədə heç bir izahat verilmədi. Daha öncə də pasport ala bilmədiyimlə bağlı Baş prokurora müraciət etmişdim, amma cavab gəlməyib”.
AXCP sədri pasport məsələsinin siyasi sifariş olduğunu qeyd edərək, 20 ildir ona xaricə çıxışın qadağan edildiyini vurğulayıb:
“Bu qərar yalnız İlham Əliyevin göstərişi ilə verilə bilər. Mənim beynəlxalq tədbirlərdə iştirakımın qarşısı alınır. Görünür, Əliyevsayağı ədalət və rəqabət belədir. Ancaq bu, müvəqqəti haldır, ölkədə ədalət bərqərar olacaq”.
Əli Kərimli, həmçinin, ASAN xidmətin təşkilatçılığını və vətəndaşlara münasibətini müsbət qiymətləndirdiyini, lakin digər dövlət qurumlarında belə yanaşmanın müşahidə edilmədiyini qeyd edib.
Sentyabrın 2-də Əli Kərimli Varşava Təhlükəsizlik Forumuna, oktyabrın əvvəlində isə sAfinada keçirilən Demokratiya Forumuna pasport ala bilmədiyi üçün qatılmadığını açıqlamışdı. AXCP sədri bu qadağanın aradan qaldırılması üçün Baş Prokurorluğa dəfələrlə müraciət etdiyini bildirmişdi.