Jurnalist Fərid İsmayılovun təcridxanada 3 gündür aclıq aksiyası keçirdiyi bildirilir

Jurnalist Fərid İsmayılovun təcridxanada 3 gündür aclıq aksiyası keçirdiyi bildirilir
8 Oktyabr 2025
Mətni dəyiş

“Toplum TV”nin həbsdə olan əməkdaşı Fərid İsmayılovun oktyabrın 6-dan etibarən aclıq etdiyi bildirilib. Bu barədə onun anası “Toplum TV”yə məlumat verib.

Jurnalist telefon danışığında anasına bildirib ki, yan kamerada saxlanılan Seymur adlı məhbusun ölüm təhdidlərinə təcridxana rəhbərliyi biganə yanaşıb. Həmin məhbus qısa müddətə başqa kameraya köçürülsə də, sonra yenidən öz yerinə qaytarılıb. Daha sonra isə Fərid İsmayılovun kamerası dəyişdirilib.

“Fəridi səkkiz nəfərlik dolu kameraya aparıblar, yerə sadəcə matras atıblar ki, orada yatsın. Onun ciyərlərində problem var, üstəlik istilik sistemi də işləmir. Buna etiraz olaraq o, yatmır, sadəcə yerdə oturur”, – anası bildirib.

Anasının sözlərinə görə, İsmayılovun qanında şəkər azlığı problemi var və aclıq aksiyası vəziyyətini daha da ağırlaşdırıb. Buna baxmayaraq, o, aksiyanı dayandırmaqdan imtina edir.

Fərid İsmayılov sonuncu məhkəmə prosesində də ölüm təhdidlərinə məruz qaldığını bildirərək, bunun təxribat olduğunu vurğulayıb və təcridxana rəhbərliyindən məsələni araşdırmağı tələb edib.

Onun anasına Ədliyyə Nazirliyinin qaynar xəttindən və Ombudsman Aparatından müraciətin araşdırılacağı bildirilib.

Jurnalistlərin Müdafiə Komitəsi (CPJ) də İsmayılova qarşı ölüm təhdidlərindən narahatlıq ifadə edib.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə qarşı cinayət işi açılıb. Onlardan Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar və Fərid İsmayılov, İDİ rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov, platforma üzvü Ruslan İzzətli, İDİ əməkdaşları Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahov həbsdədir. Jurnalist Elmir Abbasov isə polis nəzarətinə verilib.

İlk mərhələdə onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ittihamlar ağırlaşdırılıb. “Toplum TV” baş verənləri peşə fəaliyyəti ilə əlaqələndirərək bunu müstəqil mediaya qarşı təzyiq kimi qiymətləndirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun