İsrail ordusu Qəzzaya yardım aparan beynəlxalq flotillanın 14 gəmisini dayandırıb, lakin izləmə sisteminə görə digər 23 gəmi hələ də müharibədən viran olmuş anklava doğru hərəkət edir. Bu barədə flotilla təşkilatçıları məlumat verib.
“Reuters”in doğruluğunu təsdiqlədiyi görüntülərdə İsrail Xarici İşlər Nazirliyi iqlim fəalı Qreta Tunberqi əsgərlərin əhatəsində gəminin göyərtəsində oturarkən göstərib. Nazirlik “X” sosial platformasında paylaşımında yazıb:
“Həmas-Sumud flotillasının bir neçə gəmisi təhlükəsiz şəkildə dayandırılıb və sərnişinlər İsrail limanına gətirilir. Qreta və dostları sağ-salamatdır”.
“Qlobal Sumud Flotilla” adlanan bu təşəbbüs Qəzzaya dərman və ərzaq aparır. 40-dan çox mülki gəmidən ibarət flotillada təxminən 500 nəfər — deputatlar, vəkillər və hüquq müdafiəçiləri iştirak edir. Sərnişinlər sosial şəbəkələrdə İsrailə qarşı zorakılıqsız humanitar missiya ilə yola çıxdıqlarını vurğulayır, bəziləri pasportlarını göstərərək “iradəmizə zidd olaraq İsrailə aparıldıqlarını” deyirlər.
Flotilla Qəzza blokadasına qarşı ən böyük beynəlxalq etiraz simvollarından biri kimi diqqət çəkib. Onun Aralıq dənizindəki hərəkəti beynəlxalq maraq doğurub. Türkiyə, İspaniya və İtaliya öz vətəndaşlarının təhlükəsizliyi üçün gəmilər və dronlar göndərib.
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin flotillaya hücumunu “terror aktı” adlandırıb. İstanbul Baş Prokurorluğu flotilladakı 24 türk vətəndaşının saxlanılması ilə bağlı cinayət işi başladıb. Kolumbiya prezidenti Qustavo Petro iki kolumbiyalının saxlanmasına görə İsrailin bütün diplomatik nümayəndələrini ölkədən çıxarıb, sərbəst ticarət müqaviləsini ləğv edib. Malayziya baş naziri Anvar İbrahim İsrailin addımını qınayaraq, səkkiz malayziyalının saxlandığını bildirib.
İtaliyada həmrəylik aksiyaları keçirilib, həmkarlar ittifaqları cümə günü ümumi tətil elan edib.
Flotilla təşkilatçıları İsrailin hərəkətini “müharibə cinayəti” adlandırıb. Onların açıqlamasına görə, İsrail hərbçiləri beynəlxalq sularda gəmiləri “qanunsuz olaraq” saxlayıb və rabitə vasitələrini, o cümlədən canlı yayımı kəsib.
İsrail rəsmiləri isə bu missiyanı “humanitar deyil, təxribat xarakterli” adlandırır. İsrailin İtaliyadakı səfiri Yonatan Peled “X” platformasında yazıb:
“Yardımı təhvil verməkdən sistemli imtina göstərir ki, məqsəd yardım yox, siyasi provokasiyadır”.
İsrail 2007-ci ildən Qəzzaya dəniz blokadası tətbiq edir. Aktivistlər dəfələrlə bu blokadanı yarmaq üçün dəniz yolu ilə yardım göndərməyə çalışıb. 2010-cu ildə İsrail hərbçiləri 6 gəmilik flotillaya hücum edərkən 9 fəal həlak olmuşdu. 2024-cü ilin iyununda isə Qreta Tunberq və onunla birlikdə 11 nəfəri İsrail dəniz qüvvələri saxlanmışdı.
İsrailin Qəzzaya hücumu 7 oktyabr 2023-cü ildə Həmasın İsrailə hücumundan sonra başlayıb. Rəsmi məlumatlara görə, həmin hücumda 1200 nəfər öldürülüb, 251 nəfər girov götürülüb. Qəzza Səhiyyə Nazirliyi isə bildirir ki, sonrakı İsrail əməliyyatlarında Qəzzada ölənlərin sayı artıq 65 min nəfəri keçib.