İmran Əliyevin səhhətində problemlər yaranıb, ailəsi vəziyyətindən narahatdır

İmran Əliyevin səhhətində problemlər yaranıb, ailəsi vəziyyətindən narahatdır Foto: sosial media, Elgiz Gahraman
17 Oktyabr 2025
Mətni dəyiş

“Meclis.info” platformasının həbsdə olan rəhbəri İmran Əliyevin səhhətində ciddi problemlər yaranıb. Onun bel və oynaq ağrılarından əziyyət çəkdiyi, həmçinin bədəninin bəzi hissələrində mənşəyi bilinməyən şişlərin əmələ gəldiyi bildirilir.

Bu barədə məlumatı “Abzas Media”ya onun atası Bağır Əliyev verib.

Bağır Əliyevin sözlərinə görə, uzunmüddətli məhkəmə prosesi və Bakı İstintaq Təcridxanasındakı ağır şərait oğlunun həm fiziki, həm də psixoloji vəziyyətinə ciddi təsir göstərib:
 
“İmranın psixoloji durumu çox gərgindir. Bel və oynaq ağrıları onu ciddi narahat edir, bədənində mənşəyi bilinməyən şişlər yaranıb. Məhkəmə işinin 1 il 6 ay uzanması onu çox sarsıdıb. Oktyabrın 14-də keçiriləcək iclası ümidlə gözləyirdi, lakin cəmi bir gün qalmış prosesin təxirə salındığını öyrənəndə əsəb pozuntusu keçirdi. Buna baxmayaraq, onu zorla məhkəməyə aparıblar”.
 
Bağır Əliyev hesab edir ki, məhkəmə prosesi süni şəkildə uzadılır və şahidlərin prosesə cəlb edilməməsi işin məqsədli şəkildə ləngidilməsinə gətirib çıxarır.

Oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə “Məclis.info işi” üzrə növbəti iclas keçirilib.

Prosesdə təqsirləndirilənlər İmran Əliyev, polis nəzarətində olan Elgiz Qəhrəman və Tamella Musayeva iştirak ediblər.

İclasda İmran Əliyev bildirib ki, məhkəməyə aparılacağını yalnız yarım saat əvvəl öyrənib və rəis Asiman Nəsirovla Ceyhun adlı rəis müavini onu prosesə zorla gətirib.

O, həmçinin məhkəmələr arasında uzun fasilələrə etiraz edib. Hakim Roman Ələkbərli isə növbəti iclasların daha müntəzəm keçiriləcəyini bildirib.

İclasda ifadə verən vəkil Rövşanə Rəhimli bildirib ki, qadın hüquqları və məişət zorakılığı sahəsində ABŞ və Avropa proqramlarının məzunudur, bu çərçivədə müxtəlif təlimlər keçib:

“İmran Əliyev məni belə bir təlimə təlimçi kimi dəvət etmişdi. Təlimdən ödəniş alıb-almadığımı xatırlamıram. İstintaqa təqdim olunan qəbzdəki imza mənə aid deyil”.

O, həmçinin Tamella Musayevanı tanımadığını, Elgiz Qəhrəmanla yalnız dost kimi münasibətinin olduğunu deyib.

Digər şahid Əhməd İsmayılov isə bildirib ki, İmran Əliyevə dövlət qurumlarına informasiya sorğularının hazırlanmasında kömək edib və “Meclis.info” üçün komikslərin hazırlanmasında iştirak edib.

O, bu işləri könüllü əsaslarla gördüyünü vurğulayıb. Əhməd İsmayılov istintaq zamanı təqdim edilən ödəniş qəbzlərinin mötəbər sənəd olduğuna inanmadığını və oradakı imzanın ona aid olmadığını bildirib.
 
Növbəti məhkəmə prosesi noyabrın 4-nə təyin edilib.
 
İmran Əliyev ötən il aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb, sonradan bu siyahı 8 maddəyə qədər genişləndirilib.

İctimai fəal Elgiz Qəhrəman və Tamella Musayeva da eyni iş üzrə təqsirləndirilən şəxs qismində fevral ayında cinayət məsuliyyətinə cəlb olunublar. Onlar barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Hazırda hər üç şəxs 12 ilədək həbs cəzası nəzərdə tutan 8 ağır maddə ilə ittiham olunur.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri bu işi siyasi motivli adlandırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun